Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO
Bakı, 23 may, AZƏRTAC
Abşeron rayonunun Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-2106” və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol qəzasının baş verdiyi, “VAZ-2106” markalı avtomobilin sərnişininin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 2000-ci il təvəllüdlü Nəcəfov Əşrəf Mahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.