Beynəlxalq Bakalavriat Təşkilatı ilə Təhsil İnstitutu arasında əməkdaşlıq davam edir
Bakı, 6 iyul, AZƏRTAC
Beynəlxalq Bakalavriat (IB) Təşkilatı və onun Təhsil İşçiləri Şəbəkəsinin (IBEN) nümayəndələri tərəfindən Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları üçün təlimlər təşkil olunub.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, təlimlərin məqsədi ümumi təhsil üzrə dövlət standartlarının səriştəəsaslı təkmilləşdirilməsi istiqamətində səriştələr çərçivəsinin, səriştə təsvirlərinin, eləcə də müəllimlər üçün dərs nümunələrinin hazırlanması ilə bağlı əməkdaşların bilik və bacarıqlarını artırmaq olub.
Qeyd edək ki, Təhsil İnstitutu ilə Beynəlxalq Bakalavriat Təşkilatı arasında ümumi təhsildə dövlət standartlarının səriştəəsaslı təkmilləşdirilməsi üzrə əməkdaşlığa cari ilin may ayında başlanılıb. Layihənin avqust ayında yekunlaşdırılması nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində formativ qiymətləndirmədə səriştəəsaslı yanaşmaya dair mövqe sənədinin hazırlanması da planlaşdırılır.