BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK ETMƏK ÜÇÜN AZƏRBAYCAN FİLMLƏRİNİN QƏBULU ELAN OLUNUR
AZƏRTAC “Narimanfilm” kinoşirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Cənubi Qafqaz Kino Xadimləri Assosiasiyası (İFA-SC) Asiya Pacific Screen Awards və Beynəlxalq Kinoprodüserlər Assosiasiyalar Federasiyası (FİAPF) ilə birgə keçirdiyi Asiya Pacific Screen Awards Festivalında iştirak üçün Azərbaycan filmlərinin qəbulunu elan edir.
Artıq iki ildir ki, İFA-SC Asiya Pacific Screen Awardsla bu sahədə əməkdaşlıq edir. Asiya Pacific Screen Awards FİAPF-ın dəstəyi ilə dünya kino regionunun üçdəbir hissəsinin 70-dən çox ölkəsindən olan filmləri mükafatlandıracaqdır.
İFA-SC 4 kateqoriya (bədii film, tammetrajlı cizgi filmi, tammetrajlı sənədli film, tammetrajlı uşaq filmi) üzrə seçim aparacaqdır. Filmlər bu il avqustun 15-dək qəbul ediləcəkdir. Seçilmiş filmlər sentyabrın 1-dək Asiya Pacific Screen Awardsa (Festivala) təqdim ediləcəkdir. Festivalın nominantları Nominasiyalar üzrə Müstəqil Şura tərəfindən seçiləcəkdir. Şura film sahəsinin ekspertlərindən, direktorlardan, festival təşkilatçıları, kino tənqidçiləri və Asiya-Sakit Okean akademiklərindən ibarətdir.
Bütün kateqoriyalar üzrə nominantlar mükafatlandırma mərasimindən bir ay əvvəl elan olunacaqdır. Mükafatlandırma 10 nominasiya (Jury Grand Prize, ən yaxşı bədii, cizgi, sənədli, uşaq filmləri, ən yaxşı kişi rolu, qadın rolu, ən yaxşı rejissor işi və kinematoqrafiyada nailiyyətlər) üzrə keçiriləcəkdir.
Kinematoqrafiyada nailiyyətlərə görə iki mükafat - filmin köməyi ilə mədəni müxtəlifliyin saxlanılması və irəliləyişinə görə YUNESKO mükafatı, Asiya və Sakit Okean regionunun kinematoqrafiyada nailiyyətlərinə görə isə FİAPF mükafatı nəzərdə tutulmuşdur.
II Asiya Pacific Screen Awardsın mükafatlandırma mərasimi noyabrın 11-də Avstraliyada Qızıl Sahildə keçiriləcəkdir.
Əlavə məlumat almaq üçün Azərbaycanda İFA-SC-nin rəsmi nümayəndəliyi “Narimanfilm” Kinoşirkətinə müraciət etmək olar.
Ünvan: Azərbaycan, Bakı, AZ1003, F.Qurbanov küçəsi 13/5.
Əlaqə telefonu +994 12 491 63 79.