Beynəlxalq “İrs/Naslediye” jurnalının növbəti nömrəsi ispan dilində çapdan çıxıb
Madrid, 11 noyabr, AZƏRTAC
Beynəlxalq “İrs/Naslediye” (“İrs/Herencia”) jurnalının növbəti nömrəsi ispan dilində çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin “Nizami Gəncəvinin poemaları orta əsr müsəlman Şərqi rəssamlarının ilham mənbəyidir”, tarix elmləri namizədi Aygün Məmmədovanın “Qarabağ adı çəkilən ilk sikkələr”, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun “Qarabağın xristian irsi “nifaq alması” kimi”, Andrey Vasilyevin “Qarabağ haqqında kənardan qeydlər”, tarix elmləri namizədi, professor Oleq Kuznetsovun “Təcavüz üçün yaradılmış dövlət”, çilili jurnalist və beynəlxalq analitik Pablo Xofre Lilin “Azərbaycanın ətraf mühiti erməni terrorizminin qurbanı kimi”, Argentina İslam Mərkəzinin mədəniyyət üzrə katibi, professor Rikardo Eliyanın “Mənim Azərbaycanım. Azadlıq və dini tolerantlığın Qafqaz modeli ölkəsi”, publisist və fotoqraf Səbinə Tumanskayanın “Azərbaycanı kəşf edərkən: Karvansaradan vulkan kraterinə qədər” adlı məqalələri dərc edilib.
“İrs/Naslediye” jurnalının baş redaktoru Musa Mərcanlı “Təcavüz hüquqi vəzifə kimi” sərlövhəli ön sözdə yazır ki, 30 ildən çoxdur Qarabağ mövzusu Azərbaycanda ümummilli əhəmiyyətli problem sayılır. 2020-ci il sentyabrın sonunda cəbhə xəttində Ermənistanın növbəti silahlı təxribatlarından biri Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücumuna səbəb oldu, İkinci Qarabağ müharibəsi başlandı. Noyabrın 10-da işğal altında olan ərazilərin çox hissəsi azad ediləndən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılmasının və davamlı sülhün bərqərar olunmasına yönəlmiş bir sıra tədbirlərin nəzərdə tutulduğu birgə Bəyanat imzaladılar.
M.Mərcanlı qeyd edir ki, Ermənistan döyüş meydanında darmadağın edilməsinə baxmayaraq, həm sərhəddə, həm də Qarabağda mütəmadi silahlı təxribatlar törətməkdə davam edir. Ermənistanın bu cür davranışı əslində onun öz mənafelərinə ziddir, çünki dərin sosial-iqtisadi və siyasi böhrandan çıxmaq üçün onun sülhə və regional inteqrasiyaya kəskin ehtiyacı var.
Baş redaktor göstərir ki, rusiyalı politoloq Oleq Kuznetsovun jurnalın bu nömrəsində təqdim edilən məqaləsində irəli sürülən tezisə görə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti erməni dövlətinin əsas hüquqi sənədlərindən, o cümlədən Ermənistanın Dağlıq Qarabağ ilə birləşməsi haqqında 1989-cu ildə qəbul edilmiş sənəddən irəli gəlir. Belə çıxır ki, müasir Ermənistanın konstitusion-hüquqi əsasları yenidən nəzərdən keçirilməyincə bu siyasət davam edəcək.
M.Mərcanlının sözlərinə görə, jurnalın bu nömrəsində daha bir material - Qarabağda və bütövlükdə Azərbaycanda xristianlığın tarixinə dair mənbələrin qısa icmalı verilən məqalə də tarix həvəskarlarının diqqətini cəlb edəcək. Həmin məqalədə mövcud elmi materiallar əsasında vurğulanır ki, Qarabağ tarixində Alban Apostol Kilsəsi birinci dərəcəli rol oynayıb. Qeyd edilir ki, uzun müddət Erməni Qriqori kilsəsinə qarşı mübarizə aparmış Alban kilsəsi XIX əsrin əvvəlində Cənubi Qafqaz Rusiya İmperiyası tərəfindən işğal ediləndən sonra sonuncuya tabe edilib, yəni faktiki olaraq ləğv edilib.
Bu il dahi Azərbaycan şairi və mütəfəkkir, Şərq ədəbiyyatının klassiki Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd edilir. Bununla əlaqədar 2021-ci il Azərbaycanda rəsmən “Nizami Gəncəvi İli” elan edilib. “İrs/Herencia” jurnalının bu nömrəsində dahi şairin yaradıcılığının orta əsr Azərbaycan miniatür sənətində təcəssümünə həsr edilmiş məqalə dərc olunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid