BEYNƏLXALQ KONFRANS BAŞA ÇATMIŞDIR
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti və Amerika Hüquqşünaslar Assosiasiyası tərəfindən təşkil edilmiş “Məhkəmə hakimiyyətinin nüfuzu və müstəqilliyi” mövzusunda beynəlxalq konfrans iyulun 23-də öz işini davam etdirmişdir.
“Məhkəmə etikası” məruzəsi ilə çıxış edən ABŞ-ın Florida ştatının müflisləşmə məsələləri üzrə hakimi Maykl Uilyams Amerika məhkəmələrinin fəaliyyəti, habelə hakimlərin davranış və vicdanlılıq normaları məsələsi üzərində ətraflı dayandı.
Moldova Konstitusiya Məhkəməsinin hakimi Mixay Kotorobay “Məhkəmə etikası məsələləri” mövzusunda məruzəsində öz ölkəsinin məhkəmə orqanlarında aparılan islahatlar barədə məlumat verərək, hakimlərin şəxsi keyfiyyətləri ilə bilavasitə bağlı olan məhkəmə hakimiyyəti nüfuzunun əsas prinsiplərinə də toxundu.
Gürcüstan Konstitusiya Məhkəməsi sədrinin müavini Bissarion Zoidze öz məruzəsində ölkənin məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar və Konstitusiya Məhkəməsinin Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyəti ilə sıx əməkdaşlığından danışdı.
Norveç Ali Məhkəməsinin hakimi Karl Arne Utqard 1814-cü ildə qəbul edilmiş və bu günədək qüvvədə olan Norveç Konstitusiyasının əsas prinsipləri barədə məlumat verdi. O, Norveç məhkəməsinin müxtəlif instansiyalarının qarşılıqlı münasibətləri və məhkəmə sistemində vəkillərin rolu, hakimlərin müstəqilliyi və məhkəmələrin nüfuzu məsələlərinə də toxundu.
Konfransın sonunda Azərbaycan Apellyasiya Məhkəməsi sədrinin müavini Fərhad Abdullayev “Azərbaycan Respublikasında hakimlərin və məhkəmə hakimiyyətinin nüfuzu və müstəqilliyi” mövzusunda məruzə ilə çıxış etdi. Natiq müstəqillik əldə edildikdən sonra ölkəmizdə yeni məhkəmə sisteminin yaranmasından, dövlətin hakimlərə qayğısından, onların ixtisaslarının təkmilləşdirilməsindən ətraflı danışdı.
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev iki gün davam etmiş konfransa yekun vuraraq, onun konstruktiv və səmərəli keçdiyini vurğuladı.