BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
Daşkənddə “Mərkəzi Asiyada narkomaniya problemləri: vəziyyətin qiymətləndirilməsi və görüləcək tədbirlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans Özbəkistan hökuməti, BMT-nin Mərkəzi Asiyada Narkotiklərə Nəzarət və Cinayətkarlıqla Mübarizə üzrə regional nümayəndəliyi və Dünya Səhiyyə Təşkilatının Avropa regional bürosu tərəfindən təşkil olunmuşdur. Konfransda dünyanın 24 ölkəsindən ekspertlər və ictimai xadimlər, 30 beynəlxalq təşkilatın nümayəndələri, Özbəkistanda akkreditə olunmuş səfirlər iştirak etmişlər.
Azərbaycanı bu konfransda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsrafil Əliyevin başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.
Özbəkistan xarici işlər naziri A.Kominov Özbəkistan Prezidenti İ.Kərimovun konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur.
İsrafil Əliyev konfransdakı çıxışında bildirmişdir ki, 1996-cı ildə Aərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə ölkəmizdə Narkomaniya və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Beynəlxalq standartlara cavab verən “Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanun qəbul edilmiş, 2000-ci ildə isə Prezidentin Fərmanı ilə “Narkomaniyanın yayılması və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz döbviyyəsi ilə mübarizə üzrə milli proqram” təsdiq olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd