Beynəlxalq mediadakı mənfi stereotiplər Afrikaya 4,2 milyard dollar zərər vurur
Bakı, 17 oktyabr, AZƏRTAC
Afrikanın beynəlxalq mediada işıqlandırılmasında üstünlük təşkil edən davamlı mənfi stereotiplər fonunda suveren borc üzrə şişirdilmiş faiz ödənişləri səbəbindən bu qitə hər il 4,2 milyard dollara qədər vəsait itirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Afrika Practice” və “Afrika No Filter” insan hüquqları üzrə qeyri-kommersiya təşkilatının apardığı “The Cost of Stereotypes for Africa” adlı yeni araşdırmada deyilir. Qeyd olunur ki, xüsusilə seçkilər zamanı mediada qeyri-mütənasib şəkildə münaqişə, korrupsiya, yoxsulluq, xəstəlik və zəif liderliyə diqqət yetirilir ki, bu da qitəyə sərmayə qoyuluşunun qəbul edilən və real riskləri arasında fərqi genişləndirir və Afrikaya birtərəfli baxış yaradır.
Tədqiqat dörd ölkədə - Keniya, Nigeriya, Cənubi Afrika və Misirdə mediada qərəzli materialların maliyyə təsirini araşdırıb. Hesabatda media əhvali-ruhiyyəsinin borclanma dərəcələrinə 10 faizə qədər təsir göstərə biləcəyini göstərən akademik təxminlərdən istifadə edilib ki, bu da qitədə ildə 4,2 milyard ABŞ dolları məbləğində potensial itki deməkdir. Hesablamalara görə, bu vəsait 12 milyondan çox uşağın təhsilini, 73 milyondan çox azyaşlının peyvənd olunmasını maliyyələşdirə, Nigeriya əhalisinin üçdə ikisini təmiz içməli su ilə təmin edə və iqlim dəyişikliyinin ən pis təsirləri ilə üzləşən qitəyə kömək edə bilər.
“Africa No Filter”in icraçı direktoru Moki Makura deyir ki, seçki prosesində diqqət mərkəzində olan məsələlərdən çox bəzi cəlbedici qərəzli hekayələr qabardılır. Onun sözlərinə görə, təhlükəli vəziyyət və şiddətli toqquşmalar barədə materiallardan gəlir əldə etmək media üçün səhiyyə islahatları və ya iş yerlərinin yaradılması siyasətlərini araşdırmaqdan daha asandır.