Beynəlxalq Ozon Qatının Mühafizəsi Gününə həsr olunmuş açıq dərs keçirilmişdir
Bakı, 19 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsi tərəfindən “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi”nin liderləri və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri ilə Beynəlxalq Ozon Qatının Mühafizəsi Gününə həsr olunmuş açıq dərs keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ekologiya idarəsinin əməkdaşları tərəfindən qonaqlara ozon qatı haqqında ümumi məlumat verilmişdir.
Bildirilmişdir ki, 1994-cü ildə BMT-nin Baş Məclisi tərəfindən 16 sentyabr tarixi Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü elan edilmişdir. Ozon qatının qorunmasına dair imzalanan Monreal Protokoluna əsasən, bütün ölkələr havanın çirklənməsinin qarşısını almalıdırlar. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur.
Sonra “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi”nin liderləri uşaqları 21 sentyabr - Beynəlxalq Sülh Günü haqqında da məlumatlandıraraq balaca fidanlara sülhpərvər ruhda böyüməyi və sülh və əmin-amanlığı şəraitində yaşamağı arzulamışlar.
Sonda tədbir iştirakçılarına ekologiya idarəsi tərəfindən müxtəlif hədiyyələr təqdim edilmişdir.