Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Yüksək Texnologiyalar Parkında olub
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Yüksək Texnologiyalar Parkında (YT Park) Beynəlxalq Qırmızı Xaç Komitəsinin şöbə müdiri Marek Resiç ilə görüş keçirilib.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, görüşdə İnnovasiyalar Agentliyinin əməkdaşları qonağı parkda yaradılmış şəraitlə, burada fəaliyyət göstərən laboratoriya, Biznes İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış edib, agentliyin gələcək plan və fəaliyyəti barədə məlumat veriblər.
Eyni zamanda, M.Resiç Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti, hazırda görülən işlər, bütün dünyada verilən dəstəklər və donorlar barədə danışıb.
Daha sonra İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti M.Resiçi “Healthy Living Support” layihəsi ilə tanış edib və real zamanda qonağın sağlamlıq vəziyyətini müayinə edərək proqramın necə işlədiyini nümayiş edib.
Görüşün sonunda İnnovasiyalar Agentliyinin əməkdaşları və komitənin nümayəndəsi arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, “Healthy Living Support” layihəsinin Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən gələcəkdə tətbiq olunması barədə fikir mübadiləsi aparılıb.