Beynəlxalq qiymətləndirmə tədqiqatında yeddi minədək şagird iştirak edəcək
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən aprelin 17-dən Bakıda PISA-2018 (Program for International Student Assessment) - Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı üzrə tədqiqata başlanılıb.
ARTİ-dən AZƏRTAC-a bildirilib ki, əvvəlki illərdən fərqli olaraq beynəlxalq qiymətləndirmə tədqiqatı ilk dəfə kompüterlə aparılır. Şagirdlər onlara ünvanlanan sual və tapşırıqları, həmçinin sorğuları kompüter vasitəsilə cavablandırırlar.
Tədqiqatın aparılmasında başlıca məqsəd müxtəlif ölkələrin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarının, eyni zamanda, müxtəlif tipli problemlərin həllində qabiliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.
Tədqiqatda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təsadüfi seçimlə müəyyənləşdirdiyi və paytaxtda yerləşən 197 məktəb üzrə təxminən 7 minə yaxın şagirdin iştirakı nəzərdə tutulub. Beynəlxalq qiymətləndirmə proqramı may ayının sonuna qədər davam edəcək.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən üç ildən bir keçirilən PISA tədqiqatı kurikulum üzrə qiymətləndirmə sayılmır. Bu tədqiqat məktəblilərin tədris proqramlarını mənimsəmə səviyyəsini deyil, onların beynəlxalq səviyyədə qazandıqları biliklərdən istifadə etmək imkanlarını, problemləri həll etmək qabiliyyətlərini, təhlil apara bilmələrini, mühakimə yürütmələrini, bir sözlə, “yaşamaq üçün öyrənmək” bacarıqlarını qiymətləndirir. Bundan əvvəl ölkəmiz bu tədqiqatda 2006-cı və 2009-cu illərdə iştirak edib.