Beynəlxalq şahmat festivalında dördüncü turun oyunları başa çatıb
Bakı, 26 avqust, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 22-ci beynəlxalq şahmat festivalında dördüncü turun oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarış “Masters”, “Open” və “Juniors“ turnirlərindən ibarətdir.
Azərbaycanı festivalda müxtəlif qruplarda Vüqar Əsədli, Asif Yaqubi, Nərmin Xələfova, Kənan Heydərli, Nail Bəşirli Məhəmməd Muradlı, Turan Əsgərova, Səid Rəfili, Nərmin Söyünlü, Fərid Mustafayev, Mətin Mürsəlli, Rəfail Manafov, Vüqar Manafov, Adnan Əliyev təmsil edirlər.
“Masters” turnirində 62-si qrossmeyster olmaqla 130 zəka sahibi qələbə uğrunda mübarizə aparır. Bu turnirin dördüncü turunda Nail Bəşirli Ruminiya şahmatçısı Alin-Mile Beresku ilə qarşılaşıb. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Vüqar Əsədli isə Hindistan təmsilçisi Şah Saqar üzərində qələbə qazanıb. Məhəmməd Muradlı Rusiya şahmatçısı Aleksandr Retiski ilə xalları yarı bölüb. Kənan Heydərli yerli şahmatçı Ahmed Faredi, Nərmin Xələfova isə Jovan Jovansevici məğlub edib.
Dörd turdan sonra Nail Bəşirli, Vüqar Əsədli 2,5, Kənan Heydərli və Məhəmməd Muradlı 2, Asif Yaqubi və Nərmin Xələfova isə 1 xal toplayıblar. Turnirin lideri 4 oyundan 4 xal toplayan İsveçrə təmsilçisi Nils Qrandeliusdur.
“Open” turnirin dördüncü turunda həmyerlilərimiz Mürsəl Mürsəlov və Nərmin Söyünlü qarşılaşıblar. Qarşılaşma M.Mürsəlovun qələbəsi ilə başa çatıb. İsmayıl İsmayılzadə misirli Ahmed Ramadan Aşraf üzərində qələbə qazanıb. Fərid Mustafayev yerli şahmatçı Anvar Validə məğlub olub. Sədaqət Abbasova Uqba Mohamad Raşid Sbaita, Turan Əsgərova qətərli Fatima AL-Xulaifi, Səid Rəfili Küveyt təmsilçisi Meşari Alhessani, Vüqar Manafov isə Hindistan şahmatçısı Kapahi Çandanı məğlub edib.
Dörd turdan sonra İsmayıl İsmayılzadə aktivinə 4 xal yazdıraraq liderlər qrupundadır. Mürsəl Mürsəlov 3,5 xalla 4-cü, Sədaqət Abbasova 3 xalla 15-ci yerdədir. Turan Əsgərova və Səid Rəfili 3 xal toplayaraq 34-35-ci pillələrdə qərarlaşıblar.
Festival İsveçrə sistemi üzrə və 9 turdan ibarət olaraq keçirilir.