Beynəlxalq seminarda qan və qan komponentlərinin hazırlanmasında müasir texnologiyalardan danışılıb
Bakı, 18 mart, Elvira Məmmədova, AZƏRTAC
Martın 18-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Qan və qan komponentlərinin hazırlanmasında müasir texnologiyalar” mövzusunda beynəlxalq praktik seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminardan əvvəl ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov tədbirin əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb.
Akademik bildirib ki, rəhbərlik etdiyi ali məktəbdə beynəlxalq tədbirlərin keçirilməsinə geniş yer verilir. Müasir dövrdə inkişaf etmək, uğur qazanmaq üçün dünya təcrübəsindən faydalanmaq çox vacibdir. ATU-nun illik planında da bizi narahat edən və müasir dövrdə bütövlükdə təbabət üçün vacib məsələlərə həsr olunmuş konfransların keçirilməsinə üstünlük veririk. Qan və qan komponentlərinin hazırlanması texnologiyaları son illər sürətlə inkişaf edir. Bir neçə il əvvəl qandan istifadə ilə kifayətlənirdiksə, hazırda bizə vacib olan ayrı-ayrı qan komponentlərinin tətbiqi sahəsində də sanballı uğurlar qazanılıb. Bu baxımdan bugünkü seminar çox böyük əhəmiyyət daşıyır.
Sonra Azərbaycan ilə yanaşı, Türkiyə, Tacikistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan yüksək ixtisaslı mütəxəssislərin yeni cihazların tətbiqi ilə bağlı slaydlar vasitəsilə “Protokollar və “Spectra Optia” cihazının imkanlar”, “Yayılmış miyelom xəstələri üçün mononuklearın toplanmasının qiymətləndirilməsi prosedurları”, “Ekstrakorporal fototerapiya”, “Qan emalı köməkçi aparatı ilə plazmoferez” mövzularında məruzələri dinlənilib, suallar cavablandırılıb.
Seminarda, həmçinin “Spectra Optia” cihazı ilə praktik iş aparılıb.