BEYNƏLXALQ TERRORİZM QURBANLARININ XATİRƏSİNƏ HƏSR EDİLMİŞ KONFRANS
Milli Elmlər Akadameyası Rəyasət Heyətinin binasında beynəlxalq terrorizm qurbanlarının xatirəsinə həsr edilən elmi-praktik konfrans keçirilmişdir. Konfransda alimlər, politoloqlar, tələbələr, ölkə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
MEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Rövşən Mustafayev konfransda çıxış edərək, terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ermənilərin fəal iştirakına dair çoxsaylı faktlar gətirdi. Natiq vurğuladı ki, müxtəlif vaxtlarda bir çox dövlətlərin rəhbərləri erməni terrorundan danışmışlar. Məsələn, 1982-ci ilin avqustunda ABŞ Prezidenti Ronald Reyqan Amerika senatorları və konqresmenləri qarşısında çıxışında xüsusi qeyd etmişdir ki, ASALA (Ermənistanın Gizli Azadlıq Ordusu) terror təşkilatıdır və onun hədəfi təkcə türklər deyil, həm də ABŞ-ın və digər ölkələrin dinc sakinləridir.
Konfransın iştirakçılarına məlumat verildi ki, erməni terror təşkilatları Yaxın Şərqdən idarə edilir və bir sıra hallarda, bəzən də qəsdən islam bayrağı altında fəaliyyət göstərərək, “Cihad”dan və “Əl-Qaidə”dən olan “həmkarlar”ı ilə sıx əlaqə saxlayırlar.
Rövşən Mustafayev belə bir faktı da vurğuladı ki, 1977-ci ildə bütün erməni terror təşkilatlarına terror aktları törədiləcək obyektlərin siyahısını tutmaq tapşırığı verilmişdir. Bu siyahıda birinci yerləri hava limanları və mülki aviasiya obyektləri tuturdu. 2001-ci ilin əvvəllərində isə ASALA “Əl-Qaidə” və “Cihad” təşkilatları ilə saziş bağlamış, onun strukturunda kamikadze pilotlardan ibarət xüsusi briqada yaradılmışdır və İsrailə qarşı terror aktı həyata keçirmək planlaşdırılırdı. Dörd aydan sonra bu akt ABŞ-da törədildi.
Konfransda Rövşən Mustafayevin “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (X1X-XX1 əsrlər)” adlı yeni kitabının təqdimatı da oldu. Bu kitab xronloji ensiklopediya janrında rus dilində nəşr edilmişdir. Onu ingilis və fransız dillərinə də tərcümə edib buraxmaq nəzərdə tutulur.