BEYNƏXALQ MİQRASİYA TƏŞKİLATI İNSAN ALVERİ PROBLEMİNİ ARAŞDIRIR
Oktyabrın 3-də “Həyat Recensi - Naxçıvan” mehmanxanasında Beynəlxalq Miqrasiya Təşkilatının (BMiqT) hazırladığı nəşrin - “Puç olmuş arzular: Azərbaycanda insan alveri haqqında hesabat”ın təqdimat mərasimi keçirilmişdir. Sənəddə qeyd edildiyi kimi, BMiqT Azərbaycanda insan alverinin mövcud olduğunu nəinki təsdiqləyir, həm də onun necə və nə üçün yarandığına dair misallar da gətirir. Hesabatda deyilir ki, işsizliyin yüksək səviyyədə olması və yaxşı əmək haqqı verilən iş yerlərinin çatışmaması bəzən qadınları mühacirətin təşkilinə kömək üçün vasitəçilərə müraciət etmək məcburiyyətində qoyur ki, bu da onları insan alverçilərinin asan “şikar”ına çevirir. Vəziyyəti bu da çətinləşdirir ki, Azərbaycan və digər MDB ölkələri qlobal miqrasiya proseslərinə cəlb edilmişlər. Bu isə onların ərazilərində cinayətkar insan alveri ilə məşğul olan beynəlxalq kriminal strukturların öz fəaliyyətini genişləndirməsinə gətirib çıxarmışdır.
BMiqT-nin araşdırmaları ötən ilin dekabrından cari ilin iyulunadək Milli Məclis, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, habelə yerli qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq şəraitində aparılmışdır. Tədqiqatlar çərçivəsində insan alverinin qurbanı olmuş və ya olmaq təhlükəsinə məruz qalmış 150-dək adamın rəyi soruşulmuşdur. Bakıda, Gəncədə, Naxçıvanda, Sumqayıtda, Xanlarda, Quba və Xaçmazda keçirilmiş sorğunun nəticələri konkret faktları və Birləşmiş Ərəb Əmirliklərinə səfər zamanı əldə edilmiş informasiyanı tamamlamışdır.
Əsasən, 19-35 yaşlı gənc qadınlar olan zərərçəkənlərin əksəriyyəti Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində satılır. Tədqiqatların yekunları təsdiqləyir: ehtiyac, qadınların hüquq bərabərsizliyi və risk barədə məlumatsızlıq ona gətirib çıxarır ki, insan alverçiləri yalan vədlərinə inanan qadınları xaricə aparırlar və burada qadınlar seksual istismarın və zorakılığın qurbanlarına çevrilirlər, onların ailələri və xarici aləmlə əlaqələri kəsilir, həyatı və sağlamlığı isə təhlükəyə məruz qalır.
Aparılmış tədqiqatlar nəinki ölkədə insan alverçilərinin cinayətkar fəaliyyətinin gizli xarakterini üzə çıxarmağa, həm də bu problemi ictimai müzakirə mövzusuna çevirməyə kömək etmişdir.
Mövcud qanunvericiliyin bu çərçivədə aparılmış təhlili insan alverçilərinin cinayət təqibi və onların qurbanlarının hüquqi müdafiəsi, habelə zərərçəkənlərin hüquqi, tibbi, psixoloji və başqa yardım ala bilməsi üçün dövlət xidmətləri və sosial xidmətlər yaradılmasından ötrü qanunvericilik bazası hazırlanmasının zəruriliyini aşkara çıxarmışdır. Tədqiqatların müddəaları əsasında hazırlanmış digər tövsiyədə BMiqT milli fəaliyyət planı hazırlanmasını da təklif edir. BMiqT-in Azərbaycandakı nümayəndəliyinin başçısı Yost van der Aalst çıxışında dedi: “Bütün əlaqədar tərəflərin, o cümlədən də dövlət orqanlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin səylərini birləşdirmək və insan alveri ilə mübarizə üçün birgə tədbirlər görmək vaxtı gəlib çatmışdır”.
Milli Məclisin deputatı Məlahət Həsənova çıxışında qeyd etdi ki, bu problem qlobal xarakter alır. Avropa Şurası komissiyasının apardığı tədqiqatlara görə, Avropada hər il 500 minədək qadın istismar və zorakılığın qurbanı olur və insan alverçilərinin mənfəəti 6 milyard dolları aşaraq, narkobiznesin gəlirlərinə yaxınlaşır. O dedi ki, iki minədək azərbaycanlı qadın və uşaq erməni əsirliyindədir və onlardan canlı əmtəə kimi istifadə edildiyi barədə məlumatlar var.
İnsan alveri probleminə dair tədqiqatlar BMT-nin Əhali Fondunun və ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə yardımı ilə aparılmışdır.