Biləsuvar rayonunda 1941-1945-ci illər müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılmışdır
Biləsuvar, 9 may (AZƏRTAC). Biləsuvar şəhərindəki “Ana” abidəsi önündə 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin 66-cı ildönümünə həsr olunmuş mərasimdə müharibədə həlak olan azərbaycanlıların xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları abidənin önünə əklillər və gül dəstələri düzərək müharibə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev 1941-1945-ci illər müharibəsində qələbənin 66-cı ildönümü münasibətilə iştirakçıları təbrik etmiş, bu müharibədə azərbaycanlı döyüşçülərin ön və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlardan danışmış, 9 May Qələbə gününün tarixi əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Tədbirdə 1941-1945-ci illər müharibəsinin iştirakçılarına qiymətli hədiyyələr təqdim edilmişdir.
Mərasim Milli Qəhrəman Mübariz İbrahimovun doğulub boya-başa çatdığı Əliabad kəndindəki evində çay süfrəsi arxasında davam etmişdir.
Veteranlar Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirərək ölkəmizdə müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışmış, düşmən tapdağı altında olan torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcəyinə əminliklərini ifadə etmişlər.
Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun təhsil aldığı Əliabad kənd orta məktəbi əsaslı təmir edilir, Biləsuvar şəhərində qəhrəmanın adını daşıyan küçədə yenidənqurma və abadlıq işləri aparılır, Əliabad kəndində onun ailəsi üçün 260 kvadratmetr sahədə ikimərtəbəli fərdi ev tikilir.