Biləsuvarda dəyirmi masa: “Tarix yazan əbədiyaşar lider”
Biləsuvar, 18 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Biləsuvarda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Biləsuvar Rayon İcra Hakimiyyətinin və YAP Biləsuvar rayon təşkilatının təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə icra hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, 1991-ci ilin 18 oktyabr tarixində xalqımız öz dövlət müstəqilliyini bərpa etsə də, həmin dövrdə ölkənin idarə olunmasında yaranmış xaos və özbaşınalıq nəticəsində suverenliyimizin, müstəqilliyimizin qorunması çox çətin bir vəziyyət almışdır. Respublikamızın qarşılaşdığı ağır bir zamanda xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardı və ardıcıl mübarizə apararaq onu həqiqi müstəqilliyinə qovuşdurdu.
Məhz Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanıldı, dövlətlə xalqın birliyi təmin edildi, bütün sahələrdə demokratik islahatlara başlanıldı, güclü dövlətin möhkəm təməli qoyuldu.
Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin xalqımızın milli maraqlarına əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla və qətiyyətlə həyata keçirilir. Mütərəqqi idarəçilik prinsipləri, özünün müdrik daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz sahibinə çevrilmiş Prezident İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad olunması uğrunda əldə etdiyi tarixi qələbə xalqımızın yüz illər boyu apardığı haqq-ədalət mübarizəsinin təntənəsi idi.