Biləsuvarda “Ruslan” MMC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 111 ünvanında fəaliyyət göstərən “Ruslan” MMC-yə məxsus bazarda planlı yoxlama keçirib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı bazarda etiket məlumatları olmayan turşu məhsullarının satışa çıxarıldığı, soyuducu kameraların təşkil edilmədiyi, obliqat qrupuna daxil olan işçilərin müvafiq geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.
Aşkarlanmış nöqsanlarla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib olunub, obliqat qrupuna daxil olan işçilərin işdən kənarlaşdırılması və mənşəyi məlum olmayan qida məhsullarının satışının dayandırılması barədə qərar qəbul edilib.