Biləsuvarın şəhərdaxili hərəkət (mobillik) planı hazırlanacaq
Biləsuvar, 23 may, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə rayon icra hakimiyyəti və Azərbaycan Texniki Universiteti (AzTU) arasında müqavilə imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müqavilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev arasında imzalanıb.
Layihə 2030-cu ilədək yerli tərəfdaşlarla birlikdə rayon ərazisində ictimai nəqliyyatın genişləndirilməsi ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir.
“Dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidməti Biləsuvar Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universitetinin birgə həyata keçirəcəyi ilk layihədir.
AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyətinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlanğıc görüş keçirilib, ilkin müzakirələr, layihənin gedişatına dair fikir mübadiləsi aparılıb.