Biləsuvarın ümumtəhsil məktəblərində “Zəfər” vətənpərvərlik klubları fəaliyyət göstərəcək
Biləsuvar, 10 noyabr, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar şəhərində Vətən müharibəsinin qazisi, müəllim Nazim Sadıqovun rəhbərliyi ilə Zəfər yürüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüş Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olmuş “Biləsuvar məktəblərində “Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi” layihəsi çərçivəsində baş tutub.
Biləsuvar Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı və rayon təhsil şöbəsi yürüşə dəstək olublar.
Layihənin rəhbəri, Vətən müharibəsinin qazisi Nazim Sadıqovun verdiyi məlumata görə, məqsəd məktəblərdə fəaliyyət göstərəcək “Zəfər” vətənpərvərlik klublarının yaradılması, bu klublarda mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən tədbirləri təşkil etməklə şagirdlərə vətənpərvərlik hisslərini aşılamaqdır.
Zəfər yürüşü Biləsuvar Olimpiya İdman Kompleksinin önündən start götürüb və Mərkəzi Parkda başa çatıb.
Yürüşdən sonra məktəblilərin iştirakı ilə fləşmob keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində ilk dəfə olaraq rayonun ümumtəhsil məktəblərində sistemli idarəetməyə malik “Zəfər” vətənpərvərlik klubları təsis olunacaq.
Layihənin icrası Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən dəstəklənir. Layihə müddətində həm təlimçi, həm ekspert, həm də məzmunun hazırlanması Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunacaq. Bu da layihənin keyfiyyətinə, kütləviliyinə və davamlılığına müsbət təsir edəcək.