Binəqədi rayonunda onlayn yolla heroin və metamfetamin satan narkotacirlər tutulublar VİDEO
Bakı, 13 avqust, AZƏRTAC
Binəqədi rayonunda narkotik vasitələrin onlayn yolla qanunsuz dövriyyəsi ilə məşğul olan Pərviz Babazadə rayon polis idarəsinin cinayət axtarışı şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərində axtarış aparılan zaman 23 qram heroin, 120 qram metamfetamin, ümumilikdə 67 ədəd psixotrop tərkibli tramadol, preqabalin, metadon həbi və bir elektron tərəzi aşkarlanıb. Pərviz Babazadə ifadəsində qeyd edib ki, sosial şəbəkələrdə birbaşa əlaqə yaradaraq tanış olduğu xarici ölkələrdən birinin vətəndaşı ona qaçaqmalçılıq yolu ilə satmaq məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərib. O, həmin narkotik vasitələri satmaq məqsədilə Binəqədi rayonunda əvvəlcədən razılaşdırılan yerdən götürüb. Saxlanılan şəxs təxminən iki aydır Bakıda onlayn yolla narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Elnur Quliyev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 7 qrama yaxın heroin və metamfetamin aşkar edilib. Elnur Quliyev də ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı, tanığı şəxslərə satdığını bildirib.
Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Pərviz Babazadə və Elnur Quliyev tutularaq istintaqa cəlb olunublar. Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.