Bir sıra xarici ölkələrdə 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir
Bakı, 19 yanvar (AZƏRTAC). Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Rusiya Azərbaycanlı Gənclər Təşkilatının regional bölməsi, Ümumrusiya Azərbaycan Konqresi və digər diaspor təşkilatlarının iştirakı ilə konfranslar, “dəyirmi masa”lar, seminar və elmi konfranslar keçirilmişdir. Bununla yanaşı, “Azerbaycanskiy Konqress” qəzetinin səhifələrində və digər kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr dərc ediləcəkdir.
Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən də 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbirlər təşkil olunmuşdur. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Azərbaycan Evi, Xəzər Hannover Cəmiyyəti , “Alm.az” Cəmiyyəti tərəfindən müxtəlif tədbirlər keçirilmişdir. Maqdeburq şəhərində “Demokratiyanın yolları” adlı anma mərasimi təşkil olunmuşdur. AAKM-nin təşkilatçılığı ilə Frankfurt Sülh Tədqiqatları Universitetinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azər Babayevin “Bakı qırğını, Dağlıq Qarabağ münaqişəsi və sovetlərin dağılma prosesi” kitabının təqdimat mərasimi olmuşdur. İsveç parlamenti və bu ölkənin Xarici İşlər Nazirliyində dövlət rəsmiləri və parlament nümayəndələri ilə görüş keçirilmişdir.
Həmçinin Ümumxalq Hüzn Günü Polşa, Macarıstan, Litva və Latviyada da müxtəlif tədbirlər planlaşdırılmışdır.
20 Yanvar şəhidlərinin xatirəsi Gürcüstan, Qazaxıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də anılmışdır. Ümumxalq Hüzn Günü Türkiyədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının və digər diaspor təşkilatlarının dəstəyi ilə Ankara, İstanbul, İzmir, Kocaeli, Adana, Antalya, Ədirnə və digər şəhərlərdə müxtəlif tədbirlərlə yad olunmuşdur. Balıkesir şəhərində “Qanlı Yanvar” adlı fotosərgi keçiriləcəkdir.
20 Yanvar faciəsinin 23-cü ildönümü ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Dostluq Cəmiyyətinin, Amerika-Azərbaycan Ticarət Palatasının, Azərbaycan Nyu-York Assosiasiyasının və digər diaspor təşkilatlarının dəstəyi ilə qeyd olunmuşdur. Bununla yanaşı, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Kanadanın altı şəhərində də anma mərasimləri, konfranslar, fotosərgilərlə yad ediləcəkdir.
Avstraliyada fəaliyyət göstərən Avstraliya Azərbaycan-Türk Dostluq Cəmiyyəti 20 Yanvar hadisələri ilə bağlı konfrans, fotosərgi, “dəyirmi masa” keçirmişdir.