BİRİNCİ AZƏRBAYCAN BEYNƏLXALQ MEBEL SƏRGİSİ AÇILDI
Bu münasibətlə keçirilən mərasimi İteca Caspian LTD-nın ictimai əlaqələr üzrə meneceri Süzanna Burezgi açaraq qonaqları salamladı və sərginin məqsədini açıqladı: ölkədə mebel istehsalının inkişaf etdirilməsi; xarici və yerli istehsalçılar arasında ticarət və tərəfdaşlıq əlaqələrinin tənzimlənməsi; dünyanın aparıcı istehsalçıları arasında distribüter şəbəkələrinin inkişaf etdirilməsi; mebel sənayesi bazarının inkişafı və yeni texnologiyalar haqqında məlumatların yayılması; təkliflər bazarında düzgün istiqamət seçilməsində istehlakçıya yardım edilməsi.
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov qeyd etmişdir ki, ixtisaslaşmış mebel sərgisinin təşkil olunması ölkədə bərqərar olan sabit iqtisadi vəziyyət sayəsində sahənin yüksəliş və inkişaf tendensiyasından xəbər verir. İnanıram ki, sərgidə iştirak edən şirkətlər özlərinə tərəfdaşlar tapacaqlar.
Dövlət Tikinti və Arxitektura Komitəsi sədrinin müavini Yevgeni Şlyagin, İteca Caspian LTD-nin direktoru Fərid Məmmədov sərgi iştirakçılarını salamlayıb onlara uğur arzuladılar.
Rəmzi qırmızı lentin kəsilməsi ilə sərgi açıq elan olundu.
Dünyanın 11 ölkəsindən, o cümlədən Azərbaycandan 35 şirkətin iştirak etdiyi sərgi ayın 31-dək davam edəcəkdir.