Birinci beynəlxalq “Azerbaijan-Georgia-Kazakhstan” onlayn “B2B forum”u keçirilib
Bakı, 9 may, AZƏRTAC
“Caspian European Club”un dəstəyi ilə təşkil olunmuş birinci beynəlxalq “Azerbaijan-Georgia-Kazakhstan” onlayn “B2B forum”u çərçivəsində üç ölkənin şirkətlərinin COVID-19 pandemiyası dövründə qarşılaşdıqları məsələ və təkliflər, həmçinin postpandemiya dövründə əməkdaşlığın fəallaşması imkanları öyrənilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev deyib.
Üç saat davam edən forum çərçivəsində müzakirələrə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze, Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasımov, Gürcüstanın Gömrük Departamentinin rəhbərinin birinci müavini Kaxaber Baramiya, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulu Elmar Məmmədov, Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki konsulu Ramil Rzayev, Qazaxıstanın ölkəmizdəki səfirliyinin birinci katibi Tlek Kapışev, Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze, üç ölkənin beynəlxalq ticarət limanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.
Çıxışların sonunda fikir mübadiləsi aparılıb. Şirkətlərin top-menecerləri və nümayəndələri spikerlərə onları maraqlandıran suallar ünvanlayıblar. “Caspian European Club”un dəstəyi ilə hər ay ikitərəfli “Azərbaycan-Gürcüstan”, “Qazaxıstan-Azərbaycan” və “Gürcüstan-Qazaxıstan” formatlarında müzakirələri davam etdirmək qərarı qəbul olunub.
Beynəlxalq onlayn “B2B forum”u beynəlxalq biznes-netvorkinq üçün “Caspian European Club” tərəfindən yaradılmış unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri biznesin inkişafı üzrə təklifləri ilə bölüşür, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrinə aid şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələr qururlar.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun əsas məqsədi Azərbaycanda və “Caspian European Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir. “Caspian European Club”un mənzil-qərargahı Bakıda yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.