DÜNYA
BMT 2007-Cİ İLİ “DELFİN İLİ” ELAN ETMİŞDİR
BMT hökumətlərin və dövlət təşkilatlarının diqqətini bu dəniz məməlilərinin balıq ovu ilə məşğul olan gəmilərdən müdafiəsinə cəlb etmək niyyətindədir.
Dünya Yabanı Təbiət Fondu tral ovu metodlarının təcili surətdə dəyişdirilməsinə çağırmışdır, çünki hər il balıq torlarında təsadüf nəticəsində minə yaxın kit, delfin, dəniz donuzu və digər dəniz məməlisi məhv olur. Mütəxəssislərin hesablamalarına görə, hər iki dəqiqədə bir delfin tələf olur.
Yabanı Təbiət Fondu gəmiləri akustik xəbərdarlıq siqnalları verən qurğularla təchiz etməyə çağırır. Delfinlərin və dəniz donuzlarının 9 növü daha çox təhlükə qarşısındadır. BMT kökü kəsilməkdə olan Qara dəniz delfininin xilas edilməsinə xüsusi diqqət yetirəcəkdir.
Delfinlərin və digər dəniz heyvanlarının məhvinə suyun çirklənməsi və kütləvi turizm də səbəb olur. “Delfin ili” münasibətilə xüsusi sayt açılacaq, uşaqlar üçün isə xüsusi “delfin diplomları” təsis ediləcəkdir. Bundan əlavə, həmin heyvanlar haqqında müxtəlif dillərdə dərs vəsaitləri hazırlanacaq və ekoloji turizm həvəskarlarına və onların uşaqlarına paylanacaqdır.