BMT-nin Baş katibi qida təhlükəsizliyinə dair analitik icmalla bağlı videomüraciət yayıb VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş qida təhlükəsizliyinə dair analitik icmalla bağlı videomüraciət yayıb.
BMT-nin Azərbaycandakı ofisindən AZƏRTAC-a bildiriblər ki, videomüraciətdə deyilir:
“Dünyanın 7,8 milyard nəfər təşkil edən əhalisini təmin etmək üçün kifayət qədər ərzaq var. Lakin hazırda 820 milyondan çox insan ac qalır. Yaşı 5-ə qədər olan təxminən 144 milyon uşaq, - bu, dünyadakı uşaqların beşdəbirindən çoxdur, - böyümədə gecikir. Ərzaq sistemlərimiz yaxşı işləmir və COVID-19 pandemiyası vəziyyəti daha da ağırlaşdırır. Təcili tədbirlər görülməsə, qlobal ərzaq sahəsində fövqəladə vəziyyətin qaçılmazlığı aydın görünür. Bu isə yüz milyonlarla uşağa və böyüyə uzunmüddətli təsir göstərə bilər.
Bu il COVID-19 böhranı səbəbindən daha 49 milyon insan ifrat yoxsulluq vəziyyətinə düşə bilər. Qida çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artacaq. Ümumi daxili məhsulun bir faiz azalması böyümədə gecikən uşaqların sayının 0,7 milyon artması deməkdir. Hətta ərzağın bol olduğu ölkələrdə belə ərzaq təchizatı zəncirində fasilələrin yaranma riskini görürük. Pandemiyaya qarşı mübarizə səylərimizə mənfi təsirlərin qarşısını almaq üçün indidən hərəkət etməliyik.
Bu gün mən COVID-19-un ərzaq təhlükəsizliyinə və qidalanmaya təsiri ilə bağlı analitik icmalı təqdim edirəm. Onun üç aydın nəticəsi var. Birincisi, səylərimizi insanların həyatını xilas etməyə və həyat düzənini qorumağa yönəltməliyik, risk dərəcəsinin yüksək olduğu sahələrə diqqət yetirməliyik. Bu, o deməkdir ki, qida xidmətlərini ən vacib xidmətlər sırasına aid etmək, həmçinin qida sənayesi işçilərinin lazımi müdafiəsini təmin etmək lazımdır. Həmçinin həssas qruplar üçün zəruri humanitar, ərzaq və qida yardımı davam etdirilməlidir. Bu, həm də o deməkdir ki, ərzaq böhranı yaşayan ölkələrə sosial müdafiə sistemlərinin möhkəmləndirilməsi və genişləndirilməsi üçün ərzaq təchizatı təmin edilməlidir. Ölkələr qida sənayesi, daşınma və yerli ərzaq bazarlarına dəstəyi artırmalı, ərzaq sistemlərinin davamlı işləməsini təmin etmək üçün ticarət dəhlizlərini açıq saxlamalıdırlar. Onlar, həmçinin yardım və iqtisadi stimul paketlərinin əhalinin ən həssas qruplarına çatdırılmasını, o cümlədən kiçik ərzaq istehsalçılarının və kənd müəssisələrin likvidlik ehtiyaclarının ödənilməsini təmin etməlidirlər.
İkincisi, qidalanma sahəsində sosial müdafiə sistemlərini gücləndirməliyik. Ölkələr təhlükəsiz və doydurucu qidanın əlçatan olmasını təmin etməlidirlər, xüsusilə də azyaşlı uşaqlar, hamilə və süd verən qadınlar, yaşlılar və digər risk qruplarının nümayəndələri üçün. Onlar, həmçinin ərzaq təminatı baxımından risk altındakı insanların maraqlarına uyğun olaraq sosial müdafiə proqramlarını tənzimləməli və genişləndirməlidirlər. Buraya hazırda məktəb yeməklərindən məhrum olan uşaqlara dəstək də daxildir.
Üçüncüsü, gələcəyə sərmayə yatırmalıyıq. Daha inklüziv və dayanıqlı dünya qurmaq imkanımız var. Gəlin, ərzaq məhsulları istehsalçılarının və qida sənayesi işçilərinin tələbatını daha yaxşı ödəyən ərzaq sistemləri yaradaq. Aclığa son qoymaq üçün sağlam və doydurucu qidaların daha əlçatan olmasını təmin edək. Gəlin, ərzaq sistemlərinin ətraf mühitlə əlaqəsini elə tarazlaşdıraq ki, onlar təbiətə və iqlimə daha yaxşı təsir göstərsinlər.
Unutmamalıyıq ki, qida sistemləri istixana qazı tullantılarının 29 faizini, o cümlədən metanın 44 faizini təşkil edir və biomüxtəlifliyə mənfi təsir göstərir.
Əgər bu gün yayımlanan analitik icmalda deyilənləri və bundan daha artıq iş görsək, COVID-19-un qida təhlükəsizliyinə və qidalanmaya ən pis təsirlərinin qarşısını ala bilərik. Biz bunu həyata keçirməli olduğumuz yaşıl iqtisadiyyata keçidi dəstəkləyən bir şəkildə edə bilərik.
Təşəkkür edirəm”.