BMT-nin bazasında yaradılan ekspert qrupu zoonoz xəstəliklərin öyrənilməsi ilə məşğul olacaq
Bakı, 21 may, AZƏRTAC
BMT-nin bazasında yaradılan yüksək səviyyəli beynəlxalq ekspert qrupu quş qripi, Yaxın Şərq respirator sindromu, Ebola, Zika və COVID-19 kimi təhlükəli zoonoz xəstəliklərin baş verməsinin qarşısının alınması məsələləri ilə məşğul olacaq.
Ekspertlərin vurğuladığı kimi, bütün yeni infeksion xəstəliklərin 75 faizi heyvan mənşəlidir. Belə ki, məsələn, BMT COVID-19 epidemiyasının, çox güman ki, virusu insana ötürən başqa bir heyvanı yoluxa biləcək yarasalardan meydana gələn koronavirus ilə əlaqəli olduğunu istisna etmir. Potensial "vasitəçilər" siyahısında - pangolin yer alır.
AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, qrup Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşəbbüsü ilə yaradılıb. Qrup üzvləri bu təşkilatların rəhbərliyinə məsləhət verəcəklər, öz işlərində isə ekspertlər ətraf mühitin vəziyyəti və insanların və heyvanların sağlamlığı arasında əlaqəni tanıyan "Ümumi sağlamlıq" yanaşmasını tətbiq edəcəklər.
Qrupa heyvanlardan insana və əks istiqamətdə virusların ötürülməsi, aqro-ərzaq sistemlərində, həmçinin ərzaq təchizatı zəncirlərində baş verən pozuntular, insan fəaliyyətinin ətraf mühitə təsiri, zoonoz xəstəliklərin yayılması ilə bağlı risklərin qiymətləndirilməsi və s. kimi məsələləri birlikdə öyrənəcək müxtəlif sahələrdən olan mütəxəssislər daxildir.
"İnsan vakuumda deyil, onun sağlamlığının qorunması və möhkəmləndirilməsi üzrə iş təcrid olunmuş şəkildə aparıla bilməz. İnsan və heyvan sağlamlığı və ətraf mühit arasında sıx əlaqələr müvafiq sektorlar arasında sıx əməkdaşlıq və koordinasiya tələb edir", - deyə ÜST-nin rəhbəri doktor Tedros Qebreyesus bildirib.
"Yüksək səviyyəli ekspert qrupu - “Ümumi sağlamlıq" konsepsiyasını konkret siyasətə çevirmək və bütün dünyada insanların sağlamlığını qorumağa kömək edəcək zəruri bir təşəbbüsdür", - deyə o əlavə edib.