BMT-NİN İRQÇİLİK ÜZRƏ XÜSUSİ MƏRUZƏÇİSİ MOSKVA METROSUNDA GEDƏCƏKDİR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, BMT-nin əslən seneqallı xüsusi məruzəçisi demişdir: “Mən Moskva metrosunda getmək istəyirəm. Mən hər yerdə belə edirəm. Ancaq hələlik buna vaxtım çatmır”. Dyen vurğulamışdır ki, ona Moskva metrosunda getməyi məsləhət görmürlər.
Onun ilkin rəyinə görə, Rusiyada irqçiliyə dair dövlət siyasəti yoxdur. Lakin cəmiyyətdə irqçilik və ksenofobiya getdikcə artır. Onun fikrincə, neonasist və skinhed qruplarının zorakılığı və əməllərinin cəzasız qalması bu təzahürlərin artmasına sübutdur.
BMT-də Rusiya üzrə məruzəyə hazırlaşan Dyen afrikalılarla və Şimali qafqazlılarla görüşündən sonra demişdir: “On illər boyu Rusiyada yaşamış və hələ də özlərini cəmiyyətdən təcrid olunmuş hiss edən, qorxuya, tənhalığa məruz qalan afrikalılar məni təsirləndirdilər”. Onun sözlərinə görə, bu, cəmiyyətdəki ciddi problemlərdən xəbər verir.
BMT-nin nümayəndəsi bildirmişdir ki, məruzənin hazırlanmasına bir neçə həftə sərf olunacaqdır. Sənəd BMT ekspertləri tərəfindən baxıldıqdan sonra BMT-nin İnsan Hüquqları Şurasına təqdim ediləcəkdir. Xüsusi məruzəçi vurğulamışdır ki, sənədin layihəsi Rusiya hökumətinə də göndəriləcəkdir.