BMT-NİN ÜMUMDÜNYA ƏRZAQ PROQRAMININ İCRAÇI DİREKTORU MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovun da iştirak etdiyi tədbiri ÜƏP-in Bakı ofisinin rəhbəri Rəhman Çodri açaraq jurnalistləri salamlamış və Ceyms Morrisi onlara təqdim etmişdir.
Ceyms Morris və Əli Həsənov kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab vermişlər.
Suallara cavabında Ceyms Morris ölkəmizə səfərindən aldığı təəssürat, Azərbaycan rəhbərliyinin qaçqınlar və məcburi köçkünlərə dair siyasətinə münasibəti, təmsil etdiyi qurumla Azərbaycan hökumətinin əməkdaşlıq perspektivləri haqqında danışmışdır. O demişdir ki, məcburi köçkünlük hər kəs üçün ən dəhşətli həyat tərzidir. Biz həmin müsibətlə üzləşmiş insanların evlərinə qayıtmasına və ya digər yerdə yeni həyat başlamasına tam dəstək verməliyik.
İcraçı direktor məlumat vermişdir ki, ÜƏP-in Azərbaycanda 1994-cü ildən başlanmış fəaliyyəti bu il iyulun 1-dən 2008-ci il iyunun 30-dək daha iki il müddətinə uzadılmışdır. Birinci il 154 min nəfərə, ikinci il isə 134 min nəfərə yardım göstəriləcəkdir. 15,6 milyon ABŞ dolları dəyərində olan yeni əməliyyat çərçivəsində ÜƏP məcburi köçkünlərin ən az təminatlı təbəqəsinə, xüsusilə də qadınlara və uşaqlara qida vəziyyətini müvafiq səviyyədə saxlaması üçün ərzaq yardımı edəcəkdir. Təhsil üçün ərzaq proqramı orta məktəb şagirdlərinin məktəbdən yayınma hallarının qarşısını almağa və onların dərsə davamiyyətini sabitləşdirməyə imkan verəcəkdir. İş üçün ərzaq proqramı isə rayonlarda yaşayan məcburi köçkünlərə göstəriləcəkdir. Bu onlara iş imkanlarını artırmağa kömək edəcəkdir.
Əli Həsənov 13 illik fəaliyyəti müddətində məcburi köçkünlərimizə 102 milyon dollarlıq ərzaq yardımı göstərmiş ÜƏP rəhbərliyinə, o cümlədən icraçı direktora, Azərbaycan nümayəndəliyinə minnətdarlığını bildirmiş, missiyasını başa vurmuş Rəhman Çodriyə sonrakı fəaliyyətində uğurlar arzulamışdır.