BMU tələbələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olublar
Bakı, 22 iyul, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) növbəti məzunları sırasında yer alıblar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, AKM-in növbəti tədris mərhələsini BMU-nun İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Elnur Əhmədov, 2-ci kurs tələbələri Həsən Yunisov və Bahadur İbadov, həmçinin Kompüter mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi Murad Xəlidli uğurla başa vurublar.
Tədris müddətində ümumilikdə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb. İlk dəfə olaraq proqramı ən yüksək nəticə ilə başa vuran 5 məzun xaricdə qabaqcıl şirkətlərdə bir aylıq təcrübə proqramı qazanıb. Həmin məzunlar arasında BMU-nun informasiya təhlükəsizliyi ixtisasının tələbəsi Bahadur İbadov da yer alıb.
Tələbələrə sertifikatlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və İsrailin “Technion” Texnologiya İnstitutunun birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci “Məzun günü” tədbirində təqdim olunub.
Tədbirdə iştirak edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, BMU tələbələrinin AKM-in əvvəlki məzunları arasında da yer alması universitetdə kibertəhlükəsizlik sahəsində həyata keçirilən məqsədyönlü hazırlığın nəticəsidir.
“Məzun günü”nün açılışında İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, “Technion” Texnologiya İnstitutunun Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger və tərəfdaş qurumların nümayəndələri çıxış ediblər. Tədbirdə AKM-in fəaliyyəti və əldə olunan nəticələr barədə məlumat verilib.
Tədbir çərçivəsində məzun komandalarının hazırladığı yekun layihələr təqdim olunub, daha sonra 100 məzuna sertifikatlar təqdim edilib.
Sonda təşkil olunan “Karyera sərgisi” zamanı iştirakçılar müxtəlif şirkət və qurumların insan resursları nümayəndələri ilə görüşərək karyera imkanları, təcrübə proqramları və peşəkar inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, AKM-də təhsil alan iştirakçılar beynəlxalq mütəxəssislərin iştirakı ilə “Red Team”, “Blue Team” və “Purple Team” istiqamətləri üzrə təlimlər keçərək kibertəhlükəsizlik sahəsində qabaqcıl metodologiya və texnologiyalar üzrə praktiki biliklər əldə ediblər. İndiyədək mərkəzdən 420 nəfər məzun olub. Hazırlanmış mütəxəssislərin 90 faizdən çoxu dövlət və özəl sektorda kibertəhlükəsizlik üzrə fəaliyyət göstərir.