“BOİNQ-757-200” BAKI-MOSKVA-BAKI MARŞRUTU ÜZRƏ İLK UÇUŞUNU UĞURLA BAŞA ÇATDIRMIŞDIR
Təyyara yerli vaxtla saat 10.30-da Binə hava limanından səmaya qalxaraq saat 13-də Moskvanın Domodedovo aeroportuna enmişdir. Ölkəmizi təmsil edən nümayəndə heyəti burada mehribanlıqla qarşılanmış və yeni reysin açılması münasibətilə Domodedovo limanında rəsmi mərasim keçirilmişdir.
Ölkəmizin Moskvadakı səfirinin müavini Nağı Qurbanov, Azərbaycan Hava Yolları Dövlət Konserninin Xarici Əlaqələr İdarəsinin rəisi Çingiz Əliyev, Domodedovo Aeroport Kompleksinin baş direktoru Sergey Rudakov, Ümumrusiya Azərbaycanlılar Konqresinin vitse-prezidenti Natiq Ağamirov və başqaları mərasimdə çıxış edərək Bakı-Moskva-Bakı aviareysinin əhəmiyyətindən danışmışlar.
Natiqlər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Bladimir Putinin həyata keçirdikləri məqsədyönlü dostluq siyasətinin ölkələrimizin iqtisadi inkişafına dəyərli töhfə olduğunu bildirmişlər. Əminliklə qeyd edilmişdir ki, üç illik fasilədən sonra bərpa olunan Bakı-Moskva-Bakı reysi dövlətlərimiz və xalqlarımız arasında mövcud əlaqələrin daha da genişlənməsinə və inkişafına xidmət edəcəkdir.
Mərasim başa çatandan sonra təyyarə yenidən səmaya qalxdı. İlk uçuş olmasına baxmayaraq, Moskva-Bakı reysində təyyarədə boş yer yox idi.
Sərnişinlər biletlərin qiymətinin ucuz olmasından, aeroportlarda və təyyarədə servis xidmətindən razı qaldıqlarını bildirmişlər. Butün bunlar onu göstərir ki, Azərbaycan Hava Yolları Konserninin bu layihəsi də tezliklə özünü doğruldacaqdır.
Yeni marşrut üzrə uçuşlar gündə iki dəfə olmaqla yerli vaxtla saat 10.30 və 19-da fasiləsiz həyata keçirilir. Biletin qiyməti 109 ABŞ dolları məbləğindədir.