Boks üzrə Azərbaycanın milli komandası dünya çempionatına Meksikada hazırlaşır
Bakı, 24 avqust, AZƏRTAC
Boks üzrə Azərbaycanın milli komandası təlim-məşq toplanışı üçün Meksikaya yollanıb.
AZƏRTAC xəbər verir ki, boksçularımız oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına Şimali Amerikada hazırlaşırlar.
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda komandamız tam heyətlə çıxış edəcək.
Meksikadakı təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Lazaro Ximenes və Nəriman Abdullayevin rəhbərliyi altında doqquz boksçumuz hazırlıq keçir. Seçmə komandamızın liderlərindən yalnız Məhəmmədrəsul Məcidov (+91 kq) zədə səbəbindən toplanışa yollanmayıb. Birinci Avropa Oyunlarında iştirak etməyən Cavid Çələbiyev (56 kq) bu dəfə heyətə daxil edilib. Bu yaxınlarda Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanan Rüfət Hüseynov da Meksikaya yollanıb.
Sentyabrın 5-dək Meksikada qalması planlaşdırılan komandamızın toplanışında Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Xaybulla Musalov (75 kq), Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) yer alıblar.
Xatırladaq ki, boksçularımız birinci Avropa Oyunlarından əvvəl də bu ölkədə toplanışda olublar.