MƏDƏNİYYƏT
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına yekun vurulub
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Cəlilabad rayonunda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev nazirliyin təşəbbüsü ilə cari ilin iyun-avqust aylarında reallaşan “Bölgələrdən bölgələrə” festivalının əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin genişləndirilməsi məqsədini daşıyan layihə geniş əks-səda doğurub.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı iyunun 25-dən avqustun 10-dək ardıcıl olaraq hər həftə Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin əhatə etdiyi şəhər və rayonlarda gerçəkləşdirilib. Yerli icra orqanlarının dəstəyi ilə reallaşan və ölkəmizin bütün regionlarının mədəni zənginliyini, sənətkarlıq irsini və incəsənətini bir festival meydançasında birləşdirən bu layihə yerli sakinlər və qonaqlar tərəfindən maraqla qarşılanıb.
Festivalın işinin təşkilinə verdiyi dəstəyə görə Masallı, Oğuz və Sabirabad rayon icra hakimiyyətlərinin başçılarına, həmçinin regional idarələrin rəislərinə və festivalda fəal iştirak edən kollektivlərə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim edilib.
“Bölgələrdən bölgələrə” festivalının yekun tədbirində folklor və rəqs kollektivlərinin, incəsənət ustalarının konsert proqramı nümayiş olunub.
Sonra tədbir iştirakçıları Cəlilabad Olimpiya Kompleksində xalq sənətkarlıq nümunələrinin, rəssamların əl işlərinin sərgi-yarmarkasına baxıblar.
Qeyd edək ki, “100 illik tariximiz” devizi ilə reallaşan “Bölgələrdən bölgələrə” festivalına iyunun 25-də Masallı şəhərində start verilib. Festival çərçivəsində respublikamızın 15 şəhər və rayonunda keçirilən tədbirlərdə nazirliyin regional idarələrinin hər biri öz guşə-çadırı ilə təmsil olunub.