Bosniya və Herseqovinada Azərbaycanın Zəfər Günü qeyd olunub
Sarayevo, 8 noyabr, AZƏRTAC
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə Sarayevo şəhərində yerləşən, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilmiş, yaxın zamanlarda isə əsaslı təmir və bərpa edilmiş Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyimizin əməkdaşları, Türkiyənin Bosniya və Herseqovinadakı səfiri və səfirliyin əməkdaşları, Türkiyənin bu ölkədə fəaliyyət göstərən çoxsaylı qurumlarının rəhbər və nümayəndələri, Sarayevoda səfərdə olan “Xan Şuşinski” Fondunun təsisçisi və rəhbəri Bəyimxanım Verdiyeva və musiqiçilər kollektivi, həmçinin “Anadolu Balkan”, “TRT Balkan“ və “Avaz” KİV-lərinin nümayəndələri iştirak ediblər.
Nümayəndə heyətləri Dostluq parkında ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüb, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canlarından keçmiş Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev çıxışında 2020-ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildiyini deyib. Diplomat 8 Noyabr - Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən söz açıb, bu şanlı Qələbəyə aparan siyasi və diplomatik yollardan geniş bəhs edib.
Səfir Vilayət Quliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Ordumuzun tarixi missiyasını yerinə yetirərək təxminən üç onillik ərzində erməni tapdağı altında olmuş Qarabağımızı işğaldan azad etdiyini vurğulayıb.
Həmin gün “Sarajevo City Center” ticarət və biznes mərkəzinə məxsus, şəhərin ən iri rəqəmsal media fasad lövhəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı və Zəfər Gününə dair məlumatı özündə əks etdirən fotoşəkil işıqlandırılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo