Botanika İnstitutunda Ulu Öndərin yubileyinə həsr edilmiş tədbir keçirilib
Bakı, 10 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan baş direktor professor Səyyarə İbadullayeva Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğundan, elmin, mədəniyyətin və təhsilin inkişafında misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, 1969-cu ildə hakimiyyətə gəldiyi vaxtdan başlayaraq Azərbaycanı ətalətdən yüksək inkişaf mərhələsinə çıxaran, bütün məqamlarda xalqın qüdrətini, mənəvi və maddi dəyərlərini, mədəniyyətini, elmini, istedadını dünyaya bəyan edən Ümummilli Lider eyni missiyanı ölkənin zəngin təbiətinin və təbii sərvətlərinin dünyaya tanıdılması sahəsində də uzaqgörənliklə yerinə yetirib. Heydər Əliyev ölkəmizin torpağının, havasının, landşaftının qorunub saxlanmasını, zənginləşdirilməsini tələb edirdi. Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycanın sabit inkişafı ekoloji problemlərin həllindən çox asılıdır. Onun bu siyasəti yurdumuzun torpaq, bitki, su, hava, meşə, bulaq, bitki örtüyünü daha dərindən öyrənməyə istiqamət verirdi.
Bu gün bioloq alimlərimizin bitkilərin botaniki, texnoloji, tibbi cəhətdən, fiziki-kimyəvi, hüceyrə, gen səviyyəsində hərtərəfli tədqiqi istiqamətinə yönəldilmiş elmi-tədqiqat işləri beynəlxalq miqyasda tanınır və qiymətləndirilir.
S.İbadullayeva onu da vurğulayıb ki, Nazirlər Kabinetinin 2022-ci il 28 noyabr tarixli 3623 saylı Sərəncamının icrası ilə bağlı Azərbaycan botanik alimləri tərəfindən “Qırmızı kitab”ın III cildinin hazırlanması əhəmiyyətli töhfə oldu. Həmçinin Botanika İnstitutunun təşkilatçılığı ilə iyunun 22-24-də “Heydər Əliyev İli”nə həsr edilən “Bitki aləminin öyrənilməsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulur.
Tədbir Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.
Qeyd edək ki, Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının üzvləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.