Botanika İnstitutunun əməkdaşları etnobotaniki tədqiqatlar aparıblar
Bakı, 15 noyabr, AZƏRTAC
AMEA Botanika İnstitutunun Etnobotanika şöbəsinin əməkdaşları Nuri Mövsümova, Gülarə Şirəliyeva, Ləman Süleymanova və Həsrət Məmmədovanın iştirakı ilə Bərdə və Tərtər rayonlarına ekspedisiya təşkil olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, ekspedisiyanın məqsədi tematik plana uyğun olaraq Qarabağın aran ərazilərində yaşayan əhali arasında etnobotaniki sorğular aparmaq, bəzi bitki növlərinin arealını müəyyənləşdirmək və faydalı xüsusiyyətlərinə görə (bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, texniki bitkilər və s.) istifadə yollarını araşdırmaq olub. Qeyd olunan ərazilər floristik cəhətdən tədqiq edilib, faydalı növlərin fitosenoloji vəziyyəti öyrənilib, lokalitetləri dəqiqləşdirilib və populyasiyaların vəziyyəti qiymətləndirilib. Ekspedisiya zamanı müxtəlif azsaylı xalqlara mənsub yerli əhali arasında müsahibələr aparılıb. Məlum olub ki, ən çox xatırlanan bitkilər kəklikotu, yarpız, gicitkən, moruq, yolotu, yemişan, itburnu, cincilim, tərə, əvəlikdir. Həmçinin ərazinin çəmən, bozqır, yarımsəhra bitki qruplaşmaları araşdırılıb və otlaq sahələrində yem bitki ehtiyatları hesablanılıb. Tədqiq olunan ərazilərdən toplanan 10 fəsiləyə aid 35 bitki nümunəsi Herbari fonduna təhvil verilib.