BÖYÜK BRİTANİYA HÖKUMƏTİ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ İLƏ TƏRƏFDAŞLIĞA XÜSUSİ ƏHƏMİYYƏT VERİR
Mərasimi giriş nitqi ilə LİNKS Şurasının sədri xanım Deym Odri Glover açmışdır.
Azərbaycana ilk dəfə 1996-cı ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş direktoru kimi səfərə gəldiyini, görkəmli dövlət xadimi, Prezident Heydər Əliyev ilə görüşdüyünü, həmin dövrdə öz tarixinin çətin dövrlərini yaşayan ölkədə yeniləşmə prosesinin başlandığının şahidi olduğunu bildirən Şuranın sədri yaxın on ildə neft və qaz ixracından əldə ediləcək gəlirlər hesabına Azərbaycanın iqtisadi yüksəlişinə görə Avropada ən dinamik ölkələrdən birinə çevriləcəyini vurğuladı. Prezident İlham Əliyevin bu yaxınlarda Sloveniyada səfərdə olarkən söylədiyi nitqində çox dəqiqliklə Azərbaycanda ümumi inkişafın siyasi və iqtisadi islahatların paralel aparılması ilə mümkün olduğunu söylədiyini xatırladan xanım Glover bu işdə Milli Məclisin də üzərinə mühüm vəzifə düşdüyünü, Britaniya hökumətinin Azərbaycan parlamenti ilə sıx əməkdaşlığa böyük əhəmiyyət verdiyini, icrasına başlanan yeni layihənin də bunun təzahürü olduğunu bildirdi. O dedi ki, layihənin əsas məqsədi Azərbaycanda parlament təsisatının, ənənəsinin və təcrübəsinin möhkəmlənməsi, ictimaiyyətlə, vətəndaşlarla əlaqəsinin gücləndirilməsi, onların rəylərinin nəzərə alınması, parlament, media və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişafı, tələbə və gənclərə parlament təcrübəsinin öyrədilməsi, parlamentin fəaliyyətinə qeyri-hökumət təşkilatlarının ictimai nəzarətinin təşkili, parlament jurnalistikasının səviyyəsinin yüksəldilməsi və digər məsələlərin reallaşmasına kömək etməkdir.
Böyük Britaniyanın ölkəmizdəki səfiri Lorens Bristoun Azərbaycanın Avropa Şurası ilə əlaqələrinin getdikcə genişləndiyini, götürülmüş öhdəliklərə uyğun olaraq parlament demokratiyasının inkişafına da ardıcıl diqqət yetirildiyini bildirdi. Prezident İlham Əliyevin beynəlxalq qurumlarla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayan səfir dünyanın mötəbər QHT-lərindən olan LİNKS ilə birgə həyata keçiriləcək layihənin uğurlu olacağına əminliyini söylədi. Bu təşkilatın Azərbaycanda 10 ildən çox fəaliyyət göstərdiyini, siyasi plüralizmin inkişafına, gənclərlə işə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət töhfə vermək istəyini qeyd edən diplomat, layihənin Birləşmiş Krallıq hökumətinin “Qlobal İnkişaf” Fondu tərəfindən maliyyələşməsi və dəstəklənməsinin də xüsusi əhəmiyyət daşıdığını bildirdi.
Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə həyata keçirilən demokratik islahatları, hüquqi dövlət quruculuğundakı nailiyyətləri müsbət qiymətləndirən xanım Gloverə və səfir L.Bristouna minnətdarlıq etdi. O, iki il davam edəcək bu layihənin Azərbaycan parlamentinin müasir Avropa parlamentarizmi ənənələrinə uyğunlaşdırılmasına, xarici əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə inandığını söylədi. 2001-ci ildə ABŞ-da törədilən, dünyanı sarsıdan 11 sentyabr terror aksiyasının ildönümü günü keçirilən mərasimin həm də dünyada sülh və təhlükəsizliyin bərqərar edilməsinin yalnız barışla, qarşılıqlı dialoqla, mehriban qonşuluq münasibətləri ilə mümkün olduğunu vurğuladı.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən demokratik, hüquqi dövlət quruculuğu prosesində qazanılmış uğurlardan danışan Milli Məclisin sədrinin müavini LİNKS təşkilatının həm də Cənubi Qafqaz Parlament Təşəbbüsünün müəllifi və aparıcısı da olduğunu və gələn ildən Azərbaycanın bu prosesə sədrlik edəcəyini xatırlatdı. B.Muradova respublikamızda demokratik təsisatların möhkəmlənməsinə töhfəyə görə Böyük Britaniya hökumətinə, Xarici İşlər Nazirliyinə, ölkəmizdəki səfirliyinə Milli Məclis rəhbərliyi adından təşəkkürünü bildirdi.
Mərasimdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin daimi komissiyalarının sədrləri iştirak edirdilər.