Böyük Britaniya parlamentində Leyborist fraksiyasının daha bir üzvü partiya sıralarını tərk edib
Bakı, 22 fevral, AZƏRTAC
Böyük Britaniya parlamentində müxalif Leyborist fraksiyasının daha bir üzvü partiya sıralarını tərk edib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Leyboristlər partiyasının deputatı Yen Ostin fevralın 22-də keçirdiyi mətbuat konfransında özünün bu addımını partiyanın sədri Ceremi Korbinin “ekstremizm və antisemitizm siyasəti, habelə tolerantlığa əməl olunmaması” siyasəti ilə əlaqələndirib.
Deputat əlavə edib ki, uzun illərdir üzvü olduğu partiyanın sıralarını tərk etmək onun üçün nə qədər ağır olsa da, Korbinin təfriqəçi mövqeyi ilə barışmaq niyyətində deyil. Onun sözlərinə görə, partiya sədrinin antisemitizmin olmadığı barədə verdiyi bəyanatlara baxmayaraq, onun rəhbərliyi altında deputatlar Fələstinin hüquqlarını dəstəkləməkdə və İsrail hökumətini pisləməkdə davam edirlər.
Leyboristlər partiyasının sözçüsü Ostinin bu qərarından təəssüf hissi keçirdiklərini və onun iddialarının əsassız olduğunu bəyan edib.
Ostin bildirib ki, onun partiya sıralarını tərk etmiş səkkiz leyborist və üç mühafizəkar deputatların yaratdıqları mərkəzçi müstəqil qrupa daxil olmaq niyyəti yoxdur.