BÖYÜK RUS ŞAİRİNİN DOĞUM GÜNÜ QEYD EDİLMİŞDİR
İyunun 6-da, böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günü Bakının mərkəzindəki bağda onun abidəsi önündə bayram tədbiri keçirilmişdir. Tədbir Azərbaycan xalqlarının “Sodrujestvo” respublika həmrəylik cəmiyyəti və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmişdir.
Cəmiyyətin sədri Eldar Qorin tədbiri açaraq bildirdi ki, bu bayram şənlikləri Bakının ictimai həyatında yeni ənənənin - hər il Puşkinin doğum gününün qeyd olunmasının əsasını qoyur. Azərbaycanda böyük şairin ölməz yaradıcılığına həmişə heyranlıqla yanaşılmış və Azərbaycan Prezidenti Heydər Əliyev də ötən ilin oktyabr ayında abidənin təntənəli açılış mərasimində bunu vurğulamışdır.
Rusiya Federasiyasının səfiri Nikolay Ryabov bayramda iştirak etdiklərinə görə bakılılara minnətdarlığını bildirərək dedi ki, Puşkinin yaradıcılığı sərhəd bilmir, o, bütün bəşəriyyətə məxsusdur. Bakıda şairin doğum gününün qeyd edilməsi Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucaldılması ilə eyni vaxta təsadüf edir. Abidənin təntənəli açılışı Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyanın şimal paytaxtına işgüzar səfəri zamanı olacaqdır. Bakıda Puşkinin, Sankt-Peterburqda isə Nizami Gəncəvinin abidələri olmasaydı da, hər iki ölkənin xalqları bu dahilərin yaradıcılığına çox yaxşı bələddirlər. Səfir onu da xatırlatdı ki, ağır mühasirə günlərində Leninqradda Nizami Gəncəvinin 800 illiyi təntənəli surətdə bayram edilmişdir.
Sonra səfirliyin adından abidənin önünə gül-çiçək qoyuldu. İctimaiyyətin nümayəndələri, Azərbaycanın mədəniyyət və elm xadimləri, Puşkin poeziyasının pərəstişkarları da şairin yaradıcılığına öz ehtiramlarını bildirdilər.
Tədbirdə Bakı şəhər icra hakimiyyəti başçısının müavini Fiduma Hüseynova, Bakı Slavyan Universitetinin dosenti Qalina Şipulina, yazıçı İvan Tretyakov, Azərbaycandakı rus icmasının mədəniyyət mərkəzinin direktoru Svetlana Barinova, jurnalist Elmira Axundova çıxış etdilər. Qeyd olundu ki, Puşkinin azadlıqsevər yaradıcılığı XIX əsrdə Azərbaycanın mütərəqqi adamları arasında böyük rəğbətlə qarşılanmış, onun faciəli ölümündən hədsiz kədərlənən Mirzə Fətəli Axundov özünün məşhur “Şərq poeması”nı yazmışdır. Şair-tərcüməçi Səyavuş Məmmədzadə öz tərcüməsində Çingiz Əlioğlunun şerini, jurnalist Yelizaveta Qasımova isə şairə həsr etdiyi şerlərini oxudu.
Sonra Rus mədəniyyəti mərkəzinin üzvləri və Bakı məktəblərinin şagirdlərinin ifasında Puşkinin şerləri, poemalarından parçalar, musiqi nömrələri səsləndi.