Böyük Vətən müharibəsində Gəncədən 16 min nəfər ön cəbhədə vuruşub
Gəncə, 9 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə 9 May - faşizm üzərində Qələbənin 73-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Xan bağında, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önündə təşkil edilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Böyük Vətən müharibəsi iştirakçıları, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı önünə əklil qoyub, dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.
Gəncə Dövlət Dram Teatrının kollektivi ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Elmar Vəliyev Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşərək onlarla söhbət edib. Veteranlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Gəncə şəhər veteranlar təşkilatının sədri Yusif Məmmədov bildirib ki, Böyük Vətən müharibəsi illərində Gəncədən 16 min nəfər ön cəbhədə vuruşub. Onlardan 2000 nəfəri döyüşlərdə həlak olub. Hazırda Gəncədə 11 Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Arxa cəbhə iştirakçılarının sayı isə 70-dən artıqdır. Tədbirin davamında öz orden və medalları ilə fərəhlənən müharibə veteranlarının xatirələri dinlənilib, onlarla şəkillər çəkdirilib.