Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümü Berlində də qeyd olunub
Berlin, 9 may, AZƏRTAC
Mayın 9-da Berlin şəhərində Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Almaniyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri ilə yanaşı, Almaniya Federal Prezidentinin administrasiyasının və Xarici İşlər Nazirliyinin dövlət katibləri, Berlin şəhərinin meri, Saksoniya Federal torpağının Baş Naziri, müharibə veteranları, habelə KİV nümayəndələri iştirak ediblər. Qeyd edək ki, koronavirus pandemiyasına görə, Berlin meriyası tərəfindən bu il təşkil olunan tədbirlərdə sosial distansiyaya riayət etmək şərti ilə məhdud sayda şəxsin iştirakına icazə verilib.
Tədbirə qatılan Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Berlin şəhərinin Treptov və Tiergarten parklarında Sovet əsgərlərinin şərəfinə ucaldılmış abidələr önünə əklillər qoyub.
Eyni zamanda, Almaniyada nəşr olunan “Berliner Telegraph” jurnalının 9 may tarixli buraxılışında səfir R.Həsənovun Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə bağlı müraciəti dərc olunub.
Müraciətdə sülhü və bəşəriyyəti faşizmdən xilas etmək üçün digər azadlıq sevən xalqlarla birlikdə Azərbaycan xalqının mübarizəsi, 600 mindən soydaşımızın cəbhəyə getməsi, onlardan yarısının döyüşlərdə həlak olması, 130-dan çox azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edilməsi diqqətə çatdırılır. Azərbaycanlılardan ibarət alayların (416 “Taqanroq”, 233 və 77) Avropa xalqlarının azadlığı uğrunda fədakarlıqla vuruşmaları, habelə minlərlə azərbaycanlının SSRİ və digər Avropa ölkələri ərazilərində müqavimət hərəkatları və partizan dəstələrində döyüşmələri qeyd olunur.
Müraciətdə qələbənin qazanılmasında Bakı şəhərinin əvəzsiz xidməti və Bakı neftinin faşizm üzərində qələbənin əsas amillərindən biri olduğu xüsusilə vurğulanır. Bildirilir ki, müharibə illərində Azərbaycan 130 növ silah, döyüş sursatı və müxtəli növ müdafiə məhsulları istehsal edib. Bakı şəhəri ölkəyə 74 milyon ton neft verib, eləcə də ölkə üzrə benzinin 80 faizi və bütün növ yağların 96 faizi onun payına düşüb. Qeyd olunur ki, Sovet ordusunun hərbi texnikasının (tanklar, təyyarələr, gəmilər) 4/5 hissəsi Bakı neftindən alınan məhsullarla təmin olunub.
Daha sonra, müraciətdə müasir dövrdə gənclərin mənəvi və vətənpərvərlik tərbiyəsi məsələsinin xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır və xüsusilə vurğulanılır ki, heç zaman tarixə yenidən nəzər salmağa, faşizmə bəraət qazandırmağa, eləcə də onun xidmətçilərini qəhramanlaşdırmağa yol verilməməlidir.
Səfir, eyni zamanda, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 9 May ─ Faşizm üzərində Qələbə Gününün Azərbaycanda bayram və istirahət günü olduğunu, bu bayramın ən yüksək səviyyədə və geniş ictimaiyyətin, müharibə veteranlarının iştirakı ilə qeyd olunduğunu diqqətə çatdırır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin