“bp-AZƏRBAYCAN” ŞİRKƏTİ VƏ ONUN TƏRƏFDAŞLARI İCTİMAİ SƏRMAYƏ PROQRAMLARINI UĞURLA DAVAM ETDİRİRLƏR
AZƏRTAC xəbər verir ki, “bp-Azərbaycan” şirkəti, onun Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri üzrə tərəfdaşları kəmərlərin keçdiyi ərazilərdə ictimai sərmayə proqramlarını (İSP) uğurla reallaşdırırlar.
Şirkətin ictimaiyyətlə əlaqələr departamentinin meneceri Tamam Bayatlı bildirmişdir ki, Azərbaycanda həyata keçirilən İSP-lər əvvəlcə kəmərlər boyunca yerləşən icmaların davamlı sosial və iqtisadi inkişafına kömək etmək üçün nəzərdə tutulmuşdu. Lakin sonradan onların təkcə BTC və BTƏ boyunca deyil, eləcə də Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrinin bilavasitə təsirinə məruz qalan bütün icmalara şamil edilməsi qərara alındı. 2003-cü ildən həyata keçirilməsinə başlanılmış İSP-lərin bütün mərhələlərinə “bp-Azərbaycan” öz tərəfdaşları adından təxminən 10 milyon ABŞ dolları həcmində vəsait sərf etmişdir. Bu günədək 130-dan çox icma bu proqramlara cəlb edilmişdir. Həmin proqramların həyata keçirildiyi sahə Səngəçal terminalından başlayaraq, BTC və BTƏ kəmərləri boyunca yerləşən Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Gəncə, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarını əhatə edir.
“bp-Azərbaycan” şirkətinin rəsmisi qeyd etmişdir ki, bu günədək həmin ərazilərdə icma səfərbərliyi, bacarıq və vərdişlərin yaradılması üzrə keçirilən təlimlər və mikro-iqtisadi layihələr vasitəsilə ümumi sayı 300-dən çox olan infrastrukturun inkişaf etdirilməsi layihəsi həyata keçirilmişdir. Buraya yeni tikilmiş və ya təmir edilmiş 54 məktəb, 75 içməli su və suvarma təchizatı sistemi, təxminən 220 kilometr yol, 42 səhiyyə obyekti daxildir. Həyata keçirilmiş layihələr nəticəsində 184 min nəfər tibbi yardım almış, 497 nəfər tibb işçisi və 4330 nəfər fermer təlim keçmiş, 13 789 layihəyə mikrokreditlər verilmişdir.
T.Bayatlı qeyd etmişdir ki, layihənin növbəti mərhələsində ayrılmış qrant dəhlizin qərb hissəsindəki rayonları əhatə edir. Proqramda gəlirlərin yaradılması, kənd təsərrüfatının inkişaf etdirilməsi, sosial infrastruktur və səhiyyə məlumatlılığının gücləndirilməsi ön plana çəkilir. Bacarıq və vərdişlərin yaradılması üçün təlimlərin keçirilməsinə başlanmışdır. Bu, təxminən 60 nəfər gənci əhatə edir. Onlardan 5 nəfərinə öz bizneslərini qurmaq üçün dəstək veriləcəkdir. Eyni zamanda, yerli donorlar cəlb edilməklə yekun büdcə müsabiqəsi də keçiriləcəkdir. Proqramın həyata keçirilməsinə 3 yerli qeyri-hökumət təşkilatı - Uşaqları müdafiə, Ümid, Bilik və Gənc Maarifçilər təşkilatları cəlb edilmişdir. Proqramın 18 ay ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur.