ELM VƏ TƏHSİL
bp məktəblilər üçün yeni onlayn bilik mənbəyi təqdim edib
Bakı, 7 oktyabr, AZƏRTAC
bp Azərbaycanda orta məktəb şagirdləri üçün yeni onlayn təhsil məzmunu və öyrənmə imkanları təklif edən sosial investisiya layihəsini uğurla başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, şagirdlərin riyaziyyat fənni üzrə fəallığını və motivasiyasını artırmağı hədəfləyən bu təşəbbüsün məqsədi məktəbliləri, o cümlədən kənd yerlərində yaşayan, əlilliyi olan, xüsusi təhsilə ehtiyacı olan gəncləri əlçatan, müasir təhsil resursları ilə təmin etməkdir.
Layihə çərçivəsində əsas diqqət 5-9-cu sinif şagirdləri üçün riyaziyyat üzrə müfəssəl onlayn təhsil məzmununun hazırlanmasına yönəldilib. Yeni hazırlanmış materiallar ictimaiyyətə açıqdır və öyrənmə prosesini təkmilləşdirmək üçün aşağıdakı vasitələri özündə birləşdirir:
- Ümumilikdə 84 saatdan ibarət 359 maraqlı videodərs;
- 721 sualdan ibarət 104 ev tapşırığı;
- Şagirdin dərsi mənimsəmə səviyyəsini qiymətləndirmək üçün 1265 viktorina sualı;
- Mürəkkəb mövzuları daha yaxşı izah etmək üçün hər bir videodərsi müşayiət edən ümumilikdə 359 “PowerPoint” təqdimatı;
- Müəllimlərə ev tapşırığını videoformatında vermək və imtahanlarda şagirdlərin biliyini qiymətləndirmək imkanı verən rəqəmsal dərs modulu.
Yeni məzmun şagirdlərə məşq etmək və riyazi bacarıqlarını gücləndirmək üçün əlavə imkanlar yaratmaqla ənənəvi sinif dərslərini tamamlayır.
“Onlayn təhsilin əhəmiyyəti getdikcə artdığı bir zamanda, yüksəkkeyfiyyətli və əlçatan təhsil məzmununun vacibliyini tam anlayırıq. İnanırıq ki, bu layihə şagirdləri riyaziyyat sahəsində biliklərini möhkəm təməllər üzərində qurmaq üçün lazımi resurslarla təmin edir. Eyni zamanda, kənd yerlərində təhsil alan, o cümlədən xüsusi təhsilə ehtiyacı olan uşaqlar da bu layihə vasitəsilə lazım olan bilikləri və dəstəyi ala biləcəklər. Yeni təhsil materiallarını ictimaiyyətə açıq etməklə, biz yaşadığı yerdən və şəraitdən asılı olmadan bütün şagirdlər üçün dəyərli bir bilik mənbəyini əlçatan edirik”, - deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.
Bu birillik layihənin dəyəri 200 min manat (118 min dollar) təşkil edib.
Qeyd edək ki, layihə “LANDAU Educational Technologies” MMC tərəfindən həyata keçirilib.