Bremendə 83 körpəyə Məhəmməd adı verilib
Berlin, 8 may, AZƏRTAC
Hər il Almaniyada yeni doğulan oğlan və qızlara verilən adların siyahısı dərc olunur. Daha doğrusu, bir neçə statistika açıqlanır. Bu statistikalardan biri doğum haqqında şəhadətnamə verən regional VVAQ-ların (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) təqdim etdiyi məlumata əsaslanır. Digər statistikanı həmin vəziyyətləri təhlil edən nüfuzlu həvəskar tədqiqatçı Knud Bilefeld öz internet səhifəsində yerləşdirir. Üçüncü variantı isə Alman Dili Cəmiyyəti açıqlayır.
Məhz Alman Dili Cəmiyyəti tərəfindən yenicə açıqlanan 2017-ci ildə doğulan uşaqlara verilən ən populyar adların statistikası maraq doğurub. Bu statistikaya görə, Bremendə Leon adı ilə yanaşı, oğlan uşaqlarına tez-tez Məhəmməd adı verilib. Amma bu fakt Bremen VVAQ-larının informasiyasından tamamilə fərqlənir. VVAQ-ların məlumatına görə, hətta ilk 20 ad arasında da Məhəmməd adı yoxdur: bu siyahıda Leon, Ben, Paul, Maksimilian, sırf alman mənşəli digər adlar, yunan, yaxud latın adları üstünlük təşkil edir. Amma Knud Bilefeldin hesablamaları da təsdiq edir ki, Məhəmməd Peyğəmbərin adı liderlik edir. Doğrudur, bu hesablamalar ötən il doğulan uşaqların yalnız üçdəbir hissəsi barədə məlumata əsaslanır.
Alman Dili Cəmiyyətində bu təzadı belə izah ediblər. Məsələ bundadır ki, vətəndaş vəziyyəti aktlarının qeydiyyatı orqanları yazılışında bircə hərfi fərqlənən adları müxtəlif adlar hesab edir. Alman Dili Cəmiyyəti isə öz hesablamalarını fonetika əsasında aparır. Yəni əgər adlar yazılış tərzi ilə fərqlənirsə, amma praktiki olaraq eyni cür tələffüz olunursa, bir ad kimi müəyyən olunur. Odur ki, Mohammed, Mohammad, Muhammed, Mohamed və s. məntiqi olaraq müxtəlif deyil, eyni adlardır. Məsələn, Alman Dili Cəmiyyətinin Alexander, Aleksander və Alexandr variantlarını üç müxtəlif ad deyil, eyni ad hesab etdiyi kimi.
Yeri gəlmişkən, rus dilində də sonuncu Peyğəmbərin adı bir neçə variantda yazılır: Мухаммед, Магомет, Магомед, Мохаммед, Мухаммад... Bu da onunla bağlıdır ki, ərəb dilində sözlər yazılan zaman sait səslər düşür. Bundan əlavə, müxtəlif müsəlman ölkələrində Peyğəmbərin adı fərqli tələffüz olunur.
Ötən il Bremendə 83 oğlan uşağına Məhəmməd adının müxtəlif variantları verilib: 83 körpə çox deyil, yalnız ümumi sayın 1,56 faizidir. 2017-ci ildə Bremendə cəmi 5317 oğlan uşağı doğulub. Almanlar ad seçimində yetərində sərbəst olduqları üçün (VVAQ-lar uşaqlara yalnız Lütsifer, Betmen, yaxud Pinokkio kimi adlar qoyulmasına icazə vermir) pərakəndəlik çoxdur. Bütün Almaniyada rəsmi olaraq təqribən 1 milyon ad qeydə alınıb. Bu adların 43 mini hələ də ömürdə az qala bir dəfə rast gəlinən adlardır.
Amma müsəlman ailələrində Peyğəmbərin adı ən çox sevilən addır. Ümumiyyətlə, ən populyar kişi adıdır. Dünyada 150 milyon adam müxtəlif variantlarda Məhəmməd adını daşıyır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin