SİYASƏT
Brest qalası uğrunda döyüşən azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müzakirələr aparılıb
![](/files/galleryphoto/2022/2/1200x630/165176278021593959_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1651762780215578369_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16517627802852832437_1200x630.jpg)
Minsk, 5 may, AZƏRTAC
Azərbaycanın Belarusdakı səfirliyi İkinci Dünya müharibəsi zamanı Brest Qalasının müdafiəsi uğrunda döyüşmüş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev bu regiona səfəri çərçivəsində Brest Qalası Muzey Kompleksində olub, muzeyin rəhbərliyinə azərbaycanlı döyüşçü Nəsir İsgəndərov adının əbədiləşdirilərək onun lövhəsinin və şəklinin qoyulmasına görə təşəkkürünü bildirib. Görüşdə bu ənənənin davamı olaraq Brest uğrunda döyüşən digər azərbaycanlıların, o cümlədən Daniyal Abdullayev və Ağamirzə Nəzərovun muzeydə adının əbədiləşdirilməsi məsələsi müzakirə edilib.
Səfir qeyd edib ki, Brest qalasının müdafiəsi uğrunda döyüşmüş qəhrəmanlarımız Daniyal Abdullayev və Ağamirzə Nəzərov barədə son detallar araşdırılaraq muzeyə təqdim olunub, digər qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün səfirlik, o cümlədən səfirliyin hərbi attaşelik aparatı tərəfindən işlər davam etdirilir.
İkinci Dünya müharibəsi 650 min nəfəri cəbhəyə yollayan, 320 min oğul və qızını itirən Azərbaycan xalqı üçün də son dərəcə kədərli zamandır. Səfirlik yüksək səviyyəli rəsmilərlə keçirdiyi görüşlərdə hər zaman Brest Qalası Muzeyində azərbaycanlı qəhrəmanların adlarının əbədiləşdirilməsi üçün məsələ qaldırıb və muzeylə birlikdə araşdırmalar apararaq sözügedən qalanın müdafiəsində 90-na yaxın azərbaycanlının döyüşdüyünü müəyyən edib. Döyüşlər zamanı Brest qalasının arxivinin tamamilə məhv olması səbəbindən burada yalnız bir azərbaycanlının - Haqverdiyev Xalid Qəmzə oğlunun adı xatirə lövhəsində qeyd edilib.
Daha sonra səfir “Brest Qala-Qəhrəman” Memorial Kompleksinin önünə əklil qoyub.