Bu çətin günlərdə ehtiyacı olan insanlara yardım etmək hər bir vətəndaşın mənəvi borcudur
Bakı, 11 aprel, AZƏRTAC
Bütün dünyanın koronavirus (COVID-19) pandemiyası ilə gərgin mübarizə apardığı vaxtda bir sıra ciddi problemlər ortaya çıxıb. İqtisadiyyat iflic olub, iş yerləri bağlanıb, virusun daha geniş yayılmasının qarşısını almaq üçün insanlar evdə qalmağa məcbur olublar.
Azərbaycan hökuməti koronavirus pandemiyası ilə mübarizədə bütün mümkün vasitələrdən istifadə edərək, mühüm qərarlar qəbul edir, dəstək proqramları həyata keçirir. Dövlətimiz hər zaman vətəndaşının qayğısına qalır. Bu çətin günlərdə vətəndaşlarımız da dövlətə dəstək olmalıdırlar. İnanırıq ki, birliyimiz, həmrəylimiz və dövlətimizin dəstəyi ilə bu problemin də öhdəsindən gələcəyik.
Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, hazırda bir çox insan ağır həyat şəraiti ilə üz-üzə qalıb. Ən həssas təbəqə çoxuşaqlı və aztəminatlı ailələrdir. İmkanı olan hər bir Azərbaycan vətəndaşı belə insanlara yardım əlini uzatmalıdır. “Son günlər Azərbaycanın müxtəlif bölgələrində bəzi market sahibləri xeyirxah addım ataraq ehtiyacı olan insanlara ərzaq yardımı edirlər. Biz də qısa müddət ərzində “Deputat Qərargah”ında yaradılmış işçi qrupunun üzvləri ilə birgə ərazimizdə yerləşən kiçik və irimiqyaslı marketlərlə operativ şəkildə əlaqə yaradaraq rayon ərazisindəki 10-dan çox marketdə “Ehtiyacı olanlara öz payından pay ver” guşəsinin yaradılmasına nail olduq”, - deyə K.Nurullayeva vurğulayıb.
Onun sözlərinə görə, həmin guşələr ehtiyacı olan insanların istifadə etməsi üçün lazımi ərzaq məhsulları ilə təmin edilib. Kampaniya çərçivəsində marketə yaxın ərazilərdə yaşayan sakinlər həftədə 1 dəfə olmaq şərtilə şəxsiyyət vəsiqəsini təqdim etməklə ehtiyacı olan ərzaq məhsullarını pulsuz götürmək imkanı əldə edə edəcəklər.
“Bu çətin günlərdə ehtiyacı olan insanlara yardım etmək hər bir vətəndaşın mənəvi borcudur. İmkanı olan vətəndaşlarımızı həmin marketlərdəki rəfləri boş qoymamağa çağırırıq. Xalqımız hər zaman xeyirxahlığı, mərhəməti ilə seçilib və onun bu yüksək keyfiyyətlərə indiki ağır günlərdə də sadiq qalacağına inanıram”, - deyə deputat qeyd edib.