Bu gündən etibarən restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət bərpa olunub
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət bərpa olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət olar. Lakin ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağandır. Bu obyektlər müəyyən sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun fəaliyyət göstərməlidirlər.
AZƏRTAC-ın əməkdaşları paytaxtda fəaliyyətə başlamış restoranlarda olub və müştərilərin bu qəbildən olan obyektlərə buraxılma qaydaları ilə bağlı fotoçəkiliş aparıblar.
Qida Təhlükəsizliyi Agentliyi də restoranların fəaliyyəti ilə bağlı maarifləndirici qaydalar hazırlayıb. Bu qaydalara əsasən restorana daxil olanların, o cümlədən işçilərin və müştərilərin temperaturları yoxlanılmalı, əlləri və ərazi dezinfeksiya olunmalıdır. Servis olan qablar tez-tez dəyişdirilməlidir. Müştərilər arasında məsafə saxlanılmalı, restoranlarda havalandırma işləməlidir.