Bu ilin əvvəlindən milli parklara 195 mindən çox turist səfər edib
Bakı, 9 sentyabr, AZƏRTAC
Əvəzolunmaz təbiət inciləri olan milli parklara səfər edən turistlərin sayı artır. Ən çox turist qəbul edərək ilk üçlükdə yer tutan Göygöl, Şahdağ və Abşeron milli parklarıdır.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova AZƏRTAC-a bildirib ki, 2021-ci ilin əvvəlindən bu günədək milli parklarımıza ümumilikdə 195 min 15 nəfər turist səfər edib. Gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.
Xidmət rəsmisinin sözlərinə görə, son illər milli parklara gələn turistlərin sayında artım müşahidə olunur ki, bu da ilk növbədə insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə, təbliğat işləri ilə yanaşı, ekoturizmin təbliği məqsədilə milli parklarda təşkil olunan maarifləndirici tədbirlərlə əlaqədardır: “Biz bu gün xüsusi iftixarla deyə bilərik ki, milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək, həm füsunkar mənzərələrdən zövq ala, həm də vəhşi təbiətlə birbaşa təmas qura bilir”.