Budapeşt qalmaqallı kampaniyaya martın 15-də son qoyulacağını vəd edib
Budapeşt, 5 mart, AZƏRTAC
Macarıstan hökuməti amerikalı xeyriyyəçi Corc Sorosun və Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin təhqiramiz formada təsvir edildiyi və bu səbəbdən Avropa İttifaqında qalmaqala səbəb olmuş plakatlarla bağlı kampaniyaya münasibət bildirib.
AZƏRTAC Macarıstan hökumətinin nümayəndəsi Zoltan Kovaçın tvitter səhifəsinə istinadla xəbər verir ki, informasiya kampaniyası, əvvəlcədən planlaşdırıldığı kimi, martın 15-də başa çatacaq.
Martın 4-də Avropa Komissiyası Brüsselin qeyri-leqal miqrasiya barədə tezislərini bir-bir təkzib edib. Həmin tezislərdə deyilənə görə Macarıstan hökuməti bu kampaniyaya qeyri-leqal miqrasiya ucbatından məcbur olub. Avropa Komissiyası bu kampaniyanı “ən pis halda tamamilə yanlış izah, yaxşı halda isə çaşdırıcı şərh” adlandırıb.
Sözügedən kampaniya Macarıstan Vətəndaş İttifaqı Partiyasının (FİDES) da daxil olduğu və plakatların qəhrəmanlarından birinin - Yunkerin dəstəklədiyi sağ-mərkəzçi “Avropa Xalq Partiyası” (AXP) qrupunu da hiddətləndirib.
Kovaçın bu məlumatı Avropa parlamentinə may ayında keçiriləcək seçkilərdə AXP-nin əsas namizədi olan Manfred Veberin Almaniyada çıxan “Der Spiegel” jurnalına verdiyi müsahibəyə cavab olaraq dərc edilib. Həmin müsahibədə reklam kampaniyasının Avropa Xalq Partiyasına ziyan vurduğunu bildirən Veber Orbanın buna görə üzr istəməsini tələb edib.
Orban isə buna etiraz olaraq vəd edib ki, martın 15-dən sonra yeni plakatlar meydana çıxacaq, həmin plakatlarda Yunker Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans ilə əvəz ediləcək.