Builki qəbul kampaniyasının bir sıra özəllikləri var
Bakı, 23 avqust, AZƏRTAC
İxtisas seçimi samanı 15 ixtisası seçmək vacib deyil. Abituriyent 5 ixtisas da seçə bilər, 3 ixtisas da. Həmçinin ixtisas seçimi zamanı abituriyentin yaşadığı şəhərdə, yoxsa başqa şəhərdə yaşamaq imkanını, ödənişli və ödənişsiz təhsili almaq imkanını da nəzərə almaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin feysbuk səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verərkən deyib.
Məleykə Abbaszadə qeyd edib ki, builki qəbul kampaniyasının bir sıra özəllikləri var.“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamına əsasən müvafiq kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
M.Abbaszadə, həmçinin Təhsil Tələbə Krediti Fondunun yaradıldığını xatırladıb.
Qeyd edək ki, ixtisas seçimi avqustun 20-dən başlanıb və 30-dək davam edəcək.