BULUD SƏHƏNDİN 75 İLLİYİ QEYD OLUNMUŞDUR
İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyində Bulud Səhəndin 75 illiyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.
Tədbirdə Cənubi Azərbaycanda yazıb yaradan Səhəndin şerlərindəki vəntənpərvərlik ruhundan, cəsarətli poetik dəyərlərdən danışılmış, “Bulud Səhənd yaradıcılığının tədqiqinə dair”, “Rüstəm Əliyev və Səhənd”, “Səhənd yaradıcılığında türkçülük fəlsəfəsi”, “Səhəndin ömür yolu” mövzularında məruzələr dinlənilmişdir.
İstər məruzələrdə, istərsə də professorlar Qulamrza Səbri Təbrizinin, Nurəddin Rza və başqalarının çıxışlarında Azərbaycan şairi Səhəndin müxtəlif mövzularda yaradılmış əsərləri hərtərəfli təhlil edilərək yüksək qiymətləndirilmiş, onunla bağlı xatirələr söylənilmişdir.
Artist Valeh Kərimov və bədii qiraət ustası Ağalar Bayramov şairin şerlərindən parçalar, incəsənət ustaları Səhəndin sözlərinə yazılmış mahnılar ifa etmişlər.